Aytən Məmmədli:Ölkəmizlə dost və tərəfdaşların sayı durmadan artmaqdadır
Cənab Prezident İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfəri etmişdir. Səfər çərçivəsində bəyanatla çıxış edən cənab Prezidentimiz ölkələrimiz arasında əməkdaşlıq əlaqələrində enerji sektoru məsələlərinə də toxunaraq bu istiqamətdə çox yaxşı imkanların olduğunu vurğulayib. Ölkə rəhbəri eyni zamanda qarşılıqlı sərmayə qoyuluşu Albaniya-Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahəsində əməkdaşlıq münasibətlərini də qeyd edərək əmin olduğunu bildirdi ki, tərəflər bundan sonrada inamla addımlayacaqlar.
Albaniyada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasında olan əlaqələrdən bəhs edərkən qeyd etdi ki, həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, ölkəmizin ərazi bütövlüyünə göstərilən dəstəyi Azərbaycan dövləti çox yüksək qiymətləndirir. Ölkə başçısı vurğuladı ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etməklə bərabər beynəlxalq hüququ da bərpa edib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Xüsusilə Ermənistan bu qətnamələrin icrasına maraq göstərmir, faktiki olaraq məhəl qoymurdu. Beynəlxalq birlik tərəfindən isə sadəcə olaraq, Ermənistanın işğalçılıq siyasətinə göz yumulmuş və bu ölkəyə hər hansı bir sanksiya tətbiq edilməmişdir. Azərbaycan həqiqətləri haqqında danışarkən ölkə başçısı qeyd etdi ki, Azərbaycan ərazisinin 20 faizini işğal etmək və bu ərazilərdə qanunsuz məskunlaşma aparmaq böyük hərbi cinayətdir. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan – inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar. Artıq Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır. İndi Azərbaycan Bayrağı azad edilmiş torpaqlarda dalğalanır.
Prezident İlham Əliyevin Albaniyaya məlum səfəri ölkələrimiz arasında əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcək. Eyni zamanda bu səfər iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinin başlanğıcı oldu. Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizə dost və tərəfdaş olan ölkələrin sayı davamlı olaraq artır.
Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi