Aytən Məmmədli:Azərbaycan regionda sülhə maraqlı olan ölkədir
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər zaman İranla münasibətlərin qorunmasına çalışdı. İran tərəfi isə davamlı olaraq Azərbaycanı ittiham etməyə, ərazi iddiaları irəli sürməyə, ölkəmizdə casus şəbəkəsi yaratmağa çalışdı. 2020-ci ildə Vətən Müharibəsində qələbədən sonra Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq bu körpüyə Azərbaycanın dostluq körpüsü kimi baxdığını bildirdi. Bu əslində İrana mesaj idi ki, biz sizinlə dostluqda və bu əlaqələrin inkişafında maraqlıyıq. Bu günə kimi nə etmişiniz onun cavabını özünüz verəcəksiniz. Ancaq gəlin bu gündən sonra dost olaq, əlaqələrimizi bu istiqamətdə inkişaf etdirək.
Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi, mehriban qonşuluq əlaqələrinin gücləndirilməsi mühüm yer tutur. Dövlətimiz İran İslam Respublikası ilə münasibətlərinə də məhz bu prinsiplərlə yanaşıb. Amma təəssüf ki, son zamanlar İranın sərgilədiyi mövqe dostluq və mehriban qonşuluq siyasətinə uyğun gəlmir.
Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlıqda maraqlı olan ölkədir. Lakin çox təəssüflər olsun ki, bir çox hallarda bu prinsiplər regionun bəzi ölkələrində müşahidə olunmur. Son dövrlər ölkəmizə qarşı qonşu ölkələr tərəfindən müəyyən təhdidlərin və əks-təbliğatların aparıldığı daha çox özünü biruzə verir. Bu isə heç şübhəsiz ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra bəzi dairələrin daha ciddi narahatlığına səbəb olmuşdur. Belə ki, İran qonşu olaraq Azərbaycana qarşı riyakar davranır. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verir.
Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi