23 Dekabr 2024

Avropalı məruzəçi məlumat toplamaq üçün Azərbaycana gəldi – haqq işimizə faydası olacaqmı?

Politoloq: “Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi cinayətlər dəqiq və əhatəli faktlarla təqdim olunmalıdır”

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və əhali üzrə komitəsinin məruzəçisi Pol Qavan (İrlandiya) iyulun 26-dan 28-dək Azərbaycanda səfərdə olacaq. Məqsəd “Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda məruzəsi üçün məlumat toplamaqdır.

Bu barədə Avropa Şurasının saytında dərc olunmuş məlumatda deyilir. Qavan Milli Məclisin deputatları, o cümlədən spiker (həmçinin münaqişənin humanitar nəticələri ilə məşğul olan müxtəlif nazirliklərin nümayəndələri ilə) görüşlər keçirəcək. O, həmçinin məcburi köçkünlərin fikirlərini dinləmək imkanı əldə edəcək və Azərbaycanın insan hüquqları üzrə müvəkkili və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Səfər ona bu məsələ ilə bağlı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının rolunu və töhfəsini daha yaxşı anlamağa imkan verəcək. Qeyd olunan hesabatın hazırlanması çərçivəsində Qavan may ayında Ermənistana səfər edib.

Qeyd edək ki, son vaxtlar Avropadan Qarabağa, Azərbaycana bu cür səfərlər artıb. Bunun ölkəmizin haqq işinə bir dəstəyi, köməyi varmı?

Özünü demokratiya beşiyi adlandıran Avropa dövlətləri, institutları, QHT-ləri, mediası 44 günlük müharibədə Azərbaycana qarşı ədalətsiz mövqe tutdular. Mülki insanlarımız Ermənistanın raket hücumları nəticəsində həlak oldu, amma Avropa bu terrora susdu. Hətta bəzi hallarda Ermənistanı haqlı çıxarmağa çalışdı. Müharibədən sonra da ədalətsiz mövqe tutdular, Ermənistanı müdafiə etdilər.

Bəs indi bu səfərlər Avropanın Azərbaycana münasibətini dəyişdirəcəkmi? Yoxsa bu, sadəcə, protokol səfərlərdir?

Bu, peşəkar jurnalistləri çətin duruma salır - Elçin Mirzəbəyli

 Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli məsələyə bu cür şərh verdi: “Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və əhali üzrə komitəsinin məruzəçisi Pol Qavanın ölkəmizə səfərinin nəticələrini proqnozlaşdırmazdan öncə irlandiyalı siyasətçinin 44 günlük müharibənin yaratdığı reallıqlara münasibətini ifadə edən bəzi məqamlara diqqət çəkməyi vacib hesab edirəm. Məlum olduğu kimi, Pol Qavan Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda məruzəsi üçün məlumat toplamaq məqsədilə may ayında Ermənistanda olub və səfərlə bağlı açıqlamasında qeyd edib ki, keçirdiyi 20-dən artıq görüş onda bir sıra məsələlər haqqında ətraflı təəssürat yaranmasına kömək edib. Sitat: “Mənə çoxsaylı və ətraflı faktlar təqdim edildi. Xüsusilə də itkin düşənlərlə bağlı…” Pol Qavanın baxış bucağının istiqamətini müəyyənləşdirmək üçün onun Ağdam rayonundakı mina xəritələrinin 15 erməni təxribatçısının azad edilməsi müqabilində Azərbaycana verilməsi ilə bağlı bəyanatına diqqət çəkməyi vacib sayıram. Öncə qeyd edim ki, Pol Qavan təxribatçıları “hərbi əsir” hesab edir. Sitat: “Mən Azərbaycana Ağdam rayonundakı 100 min minanın yerini bildirən xəritələri təhvil verilməsi müqabilində 15 ”erməni əsiri”nin azad edilməsi xəbərini alqışlayıram. Ötən il altı həftəlik müharibəyə səbəb olan münaqişənin humanitar nəticələrinin azaldılması üçün addımlar atmaq həddən artıq vacibdir. Baxmayaraq ki, çoxlu sayda digər erməni hələ də əsirlikdədir və sözsüz ki, Ağdamdan başqa digər ərazilərdəki minaların da xəritəsi var, bu gün biz müxtəlif beynəlxalq subyektlərin dəstəyi və iştirakı ilə müharibənin bu iki vacib nəticəsi üzrə bəzi məsələlərin həllinə nail olmaq üçün birgə fəaliyyəti alqışlaya bilərik”. Pol Qavanın iqtibas gətirdiyim sonuncu açıqlamasında humanitar problemlərin həllinə yanaşma açıq şəkildə ifadə olunub. Yəni Pol Qavan hesab edir ki, Azərbaycanda saxlanılan bütün erməni təxribatçılarının qarşılığında işğaldan azad edilən bütün ərazilərin xəritələri Ermənistan tərəfindən ölkəmizə təhvil verilməlidir. Onun daha öncə iqtibas gətirdiyim açıqlamasında Ermənistana səfəri zamanı ona, xüsusilə də itkin düşənlərlə bağlı çoxsaylı və ətraflı faktların təqdim edildiyi vurğulanır. Məhz bu baxımdan, Pol Qavana Ermənistanın həm 44 günlük müharibə dövründə, həm də işğalın davam etdiyi zaman kəsiyində Azərbaycan ərazilərində həyata keçirdiyi cinayətlər dəqiq və əhatəli faktlarla təqdim olunmalıdır”.

Müsahibimiz hesabata da toxundu: “Hesabata gəldikdə isə çox güman ki, Pol Qavanın açıqlamalarında yer alan məqamlar, həm də Ermənistanın işğalçı tərəf olduğuna, Azərbaycanın isə işğala son qoymaq üçün ərazilərində müharibə apardığına xüsusi diqqət çəkmədən öz əksini tapacaq və humanitar problemlərin həlli ilə bağlı tövsiyələr veriləcək”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”