22 Noyabr 2024

Avropada və dünyada inflyasiya ən yüksək həddə çatıb – Gələn il üçün proqnozlar nədir?

Bu gün pandemiya səbəbindən Avropada və dünyada ciddi qiymət artımları müşahidə olunur.

Almaniyada keçən ilin noyabr ayı ilə müqayisədə inflyasiya səviyyəsi 2021-ci ilin noyabrında +5,2 faiz təşkil edib. Cari ilin oktyabr ayında bu nisbət + 4,5 faiz idi. Bu o deməkdir ki, inflyasiyanın səviyyəsi ardıcıl altıncı dəfə artıb və noyabr ayında il ərzində indiyə qədərki ən yüksək səviyyəyə çatıb. Axırıncı dəfə yüksək inflyasiya təxminən 30 il əvvəl olub. 1992-ci ilin iyun ayında inflyasiya səviyyəsi + 5,8 faiz təşkil edib.

Belçikada isə bu ilin noyabr ayında istehlak məhsullarında inflyasiya 4,16 faiz artaraq 5,64 faiz təşkil edib. Bu artım sonuncu dəfə 2008-ci ilin iyul ayında baş vermişdi.

Noyabrda bir sıra qeyd edilən məhsullar üzrə göstəricilər bu cür müəyyən olunub. Tibb sahəsində 3,48 faizdən 4,81 faizə yüksəlib, yanacaq 46,4 faiz olub. Oktyabr ayı ilə müqayisədə inflyasiya dərəcəsi 1,95 faizdən noyabr ayında 2,14 faizə yüksəlib.

Trend-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, bu gün qlobal bazarda qiymət artımlarını tətikləyən bir neçə əsas faktor var və bunların kökündə təbii ki, faktiki olaraq pandemiya və pandemiya səbəbindən iqtisadi fasilələrin yaranması, bazada olan məhsulların azalması, eyni zamanda istehsal prosesinin özündə müşahidə edilən ləngimələrdir.

“Bunların fonunda bazarda təklif edilən məhsulların həcmi azalıb, bu isə qiymət artımını şərtləndirir. Eyni proses xammalda da müşahidə olunduğu üçün istehsal qiymətləri indeksidə daha kəskin formada artmaqdadır. Hazırda transport xərcləri pandemiya səbəbindən pozulub. Regional xırda ticarət əlaqələri pandemiya səbəbindən tamamilə dayandırılıb. Bu özü də bazarda müəyyən mənada qiymət artımını şərtləndirən faktorlardan biridir. Bu gün enerji qiymətləri artır və enerji qiymətlərinin artması xərc baxımından bütün mal və xidmətlərdə öz əksini tapır. Bu da dolayısıyla inflyasiyanı tətikləyən məqamlardan biri hesab olunur”, – deyə ekspert bildirib.

Nümunə üçün qeyd edək ki, İsveçrədə 2021-ci ilin noyabr ayına olan illik inflyasiya dərəcəsi 1,5 faiz təşkil edib. Bu göstəricinin 2008-ci ilin noyabr ayından sonra qeydə alınan ən yüksək inflyasiya dərəcəsi olduğu qeyd olunur. Bunun əsas səbəbləri arasında isə nəqliyyat xərclərinin (8 faiz), enerji xərclərinin (13.5 faiz), yanacaq xərclərinin (28.9 faiz) sürətli artımı göstərilir. Ümumilikdə, yerli məhsulların qiymətləri 0.7 faiz, idxal olunan məhsulların qiymətləri 4.1 faiz artım nümayiş etdirib

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, dünya bazarında ərzaq məhsullarının qiyməti son 30 ildə ən yüksək həddə yüksəlib və praktiki olaraq, bütövlükdə, ərzaq bazarında qlobal istehal bazarı üzrə 30 faizə yaxın artımı 2021-ci ildə müşahidə etdik.

“Qlobal olaraq, istehlak mallarının qiymətində artımlar müşahidə olundu və bu artımlar davam edir. Neft ölkələri xüsusən ərzaq məhsullarını, o cümlədən bir sıra qeyri-ərzaq məhsullarını idxal edən ölkələrdir”, – deyə o qeyd edib.

V.Bayramovun sözlərinə görə, 2022-ci ilin birinci yarısında da dünya bazarında qiymət artımlarının davam edəcəyi gözlənilir.

“Bu, həm də neft ölkələrindəki qiymətlərə təsirsiz ötüşməyəcək. Bu baxımdan, körfəz ölkələri istehlak mallarına olan tələbin ödənilməsində idxaldan asılı olduğuna görə dünya bazarında müşahidə edilən qiymət artımları həmin ölkələrdə inflyasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, qiymət artımları təkcə Avropa ölkələrində deyil, eyni zamanda neftlə zəngin olan ərəb ölkələrində, Amerika ölkələrində də müşahidə olunur.