24 Dekabr 2024

Avropa ölkələri üçün əhəmiyyətli enerji mənbələrindən biri Azərbaycandır.

Ötən ay Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki nitqində dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji diplomatiyasından geniş bəhs edərək bildirdi ki, ölkəmiz müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır: “Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb.”

Ölkəmizin “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək enerji sektorunda qazandığı uğurlarının xronologiyasına diqqət yetirməklə düşünülmüş və gələcəyə hesablanmış siyasətin Azərbaycanın qarşısında böyük imkanlar açdığını inamla qeyd edə bilərik.  2006-ci ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi və Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrildi. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start verdi, onun təşəbbüskarı oldu. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır. Artıq 2020-ci ilin sonunda TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizi tam tərkibdə reallığa çevrildi. Uğurla başa çatan hər bir layihə Azərbaycanın dünyanın enerji təlükəsizliyində roluna yeni əlavələr gətirir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən dövlət başçısı İlham Əliyev bildirir ki, düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar  nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatının yaradılmasının təqdimatıdır.  

İyulun 18-də  dövlət başçısı İlham Əliyevin və  Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin  Azərbaycan ilə Avropa İttifaqı arasında imzaladığı “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” da Azərbaycanla Aİ, həmçinin üzv dövlətlər arasında əlaqələrin bugünkü inkişaf səviyyəsinin təqdimatında əhəmiyyətli rol oynayır.  2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirildi. Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir.

Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra dövlət başçısı İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatlarında da əlaqələrin yeni istiqamətlər üzrə inkişafı üçün böyük potensialın olduğu xüsusi qeyd edildi. Atılan hər bir addım, imzalanan hər bir sənəd Azərbaycanın Avropa üçün önəmini bir daha nümayiş etdirir. Təbii ki, ölkəmizə bu etimadı, inamı qazandıran ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Cənab İlham ƏLiyev ölkələr arasında etibarlılıq amilini daim önə çəkir.

Təbii ki, etimad mühitinin yaradılması fonunda hədəflərə doğru inamla irəliləmək mümkündür. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycanın bütün sahələrdə etibarlı tərəfdaş olduğunu əsaslı şəkildə diqqətə çatdırdı.

Azərbaycanın enerji sektorunda qazandığı uğurlar qeyri-neft sekorunun inkişafına stimul verir. Neft-qaz gəlirlərindən səmərəli istifadə ölkəmizin hərtərəfli inkişafına yönələn mühüm sosial-iqtisadi layihələrin icrasını daha da sürətləndirir. Bir sözlə, Azərbaycan dayanıqlı iqtisadi  inkişafı ilə dünyanın diqqətindədir.


Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri