23 Dekabr 2024

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələ – mühüm gəlişmə

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan Respublikası arasında qaz nəqlinin Avropaya artırılması ilə bağlı razılaşma əldə olunub. Prezident İlham Əliyev bildirib ki, Aİ ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

Qeyd edək ki, dövlət başçımız fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair birgə bəyanatın imzalanmasından 10 ildən artıq müddətin keçdiyini qeyd edib. Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə həyata keçirilən əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu və bunun Cənub Qaz Dəhlizi çərçivəsində də davam etdirildiyini bildirdi. Bu layihənin birgə əməkdaşlıq və əlaqələndirmə şəraitində uğurla başa çatdırıldığını deyib. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrin ikitərəfli və çoxtərəfli əsasda enerji sahəsində əməkdaşlıq üzrə yeni ideya və planların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Bu toplantının Cənub Qaz Dəhlizi xətti ilə qazın Avropa İttifaqına çatdırılmasından bir il sonrakı dövrə, həm Avropa İttifaqı, həm də Azərbaycanın yeni “yaşıl enerji” strategiyasına keçidi mərhələsinə və hazırda dünya qaz bazarında baş verən qiymət dəyişmələri və digər tendensiyalar şəraitinə təsadüf etdiyini bildirən Prezident İlham Əliyev bu baxımdan tədbirdə aparılan müzakirələrin önəmini qeyd edib. Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların uğurla aparıldığını bildirib və bu danışıqların da tezliklə başa çatdırılacağına ümidvar olduğunu ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelylə görüşmüşdü. “Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclası ərəfəsində biz Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyəti barədə söhbət etdik. Tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik. Aİ-nin Cənubi Qafqaza dəstəyi ilə bağlı məsələlərə toxunduq”, – Oliver Varhely qeyd edib.

Xatırladaq ki, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarının Avropa İttifaqına əlavə qaz tədarükü məsələsini müzakirə etmək üçün Bakı və ABŞ-a səfər edəcəyi hələ ötən həftələrdə anons edilmişdi. “Qaz tədarükü ilə bağlı danışıqlar davam etdiriləcək. Cümə günü, fevralın 4-də Avropa komissarı K. Simson Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin nazirlər görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək”, – T. Makfi qeyd etmişdi. C.Borrel bildirmişdi ki, Avropa İttifaqı Rusiyadan qaz təchizatı kəsiləcəyi hallarla bağlı Azərbaycan, ABŞ və Qətərlə qaz təchizatına dair danışıqlar aparır.

Göründüyü kimi, Rusiya-Qərb konfrantasiyası Azərbaycanın önəmini artırıb. Xüsusilə də Kremlin Avropa ölkələrini qaz sanksiyası ilə təhdid etdiyi qış dönəmində Avropa ölkələri alternativlər axtarışındadır və Bakıya səfərlərin intensiv hal alması əsasən bununla bağlıdır. Belə olan halda ortaya məntiqli suallar çıxır: Artıq Aİ ilə ölkəmiz arasında siyasi məsələlər, siyasi tələblər arxa planamı keçir? Yaxud siyasi məsələlərin yerini Aİ-nin qaz ehtiyaclarının ödənməsimi tutur? İndiki situasiyada bəzi müşahidəçilər hesab edirlər ki, artıq Aİ rəsmiləri qaz amilinə görə Azərbaycan hakimiyyətinə “şorba qızdırırlar”. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı deyib ki, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına qaz nəqlinin artırılmasına göstərdiyi səylərə görə Azərbaycana təşəkkür edir. Yeri gəlmişkən, AB bu arada Azərbaycana 2 milyard avro dəyərində paket ayırıb. Ötən zamanlaradək rəsmi Bakının qarşısında siyasi tələblər qoyan və imzalanması nəzərdə tutan sazişdə daha çox öhdəliklər amilini qabardan Aİ-nin indiki durumda tutduğu mövqe maraqlıdır. Aİ ilə əməkdaşlığın perspektivləri haqda nə demək olar, sualına ekspertlərimizin maraqlı cavabları var.

Cəbrayılda erməni kilsəsi olubmu? - Ceyhun Məmmədov - Yeni Gəncə

Ceyhun Məmmədov: “Avropa İttifaqının Azərbaycanla bağlı siyasətinin dəyişməsində ciddi rol oynayan səbəblərdən biri də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın diplomatik müstəvidə həyata keçirdiyi siyasətdir”

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında Azərbaycan-Aİ əməkdaşlığını yüksək qiymətləndirdi: “Hesab edirəm Avropa İttifaqının Azərbaycanla bağlı siyasətinin dəyişməsində ciddi rol oynayan səbəblərdən biri də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın diplomatik müstəvidə həyata keçirdiyi siyasətdir. Prezident dəfələrlə bu qurumu Ermənistanla Azərbaycan arasında ayrı-seçkilik etdiyinə görə tənqid etmişdi. Avropa İttifaqının qarşısında sözünə sadiq, inam və etibar qazanmış Azərbaycan, bir də yalançı və dilənçi Ermənistan var. Onlar da görürlər ki, Azərbaycan konsruktiv qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət həyata keçirir. Ermənistan isə ancaq yalan təbliğatla məşğuldur”. C.Məmmədovun fikrincə, növbəti mərhələdə əlaqələrin daha da inkişaf etdiyinin şahidi olacağıq: “Artıq Avropa İttifaqı Azərbaycanla təzyiq dilində danışmır, əməkdaşlığın perspektivlərini müzakirə edir. Azərbaycanın etibarlı tərəfdaş olduğunu qəbul edir. Hazırkı mərhələdə ikitərəfli əlaqələrdə bunu çox böyük uğur kimi qiymətləndirmək olar”.

Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Elçin Mirzəbəyli: “Aİ-nin siyasətində mövcud reallıqlara və çağırışlara uyğun dəyişikliklərin baş verməsi kimi yanaşmaq lazımdır”

Siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişlənməsi ilə bağlı aparılan müzakirələr və razılaşmanı ifadə edən açıqlamalar özündə təkcə Azərbaycandan Avropaya qaz nəqlinin artırılmasını nəzərdə tutmur: “Söhbət Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsindən gedir ki, bu olduqca mühüm və strateji əhəmiyyət kəsb edən perspektivlə bağlı olan məsələdir. ”Qərbi Balkan ölkələri” anlayışı Serbiya, Monteneqro, Albaniya, Şimali Makedoniya, Bosniya və Hersoqovina, eləcə də qismən tanınmış Kosovanı əhatə edir. Hazırda sözügedən ölkələrin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin intensivləşməsi ilə yanaşı, bu ölkələrin enerji təhlükəsizliyi məsələsinin də Aİ-nin enerji təhlükəsizliyi müstəvisindən dəyərləndirilməsi önəmli bir mesajdır. Qənaətimə görə, bu, Aİ-nin Qərbi Balkan ölkələrini də öz enerji təhlükəsizliyi çərinin altına almaq niyyətindən xəbər verir”.

E.Mirzəbəyli digər məqama da diqqət çəkdi: “Avropa İttifaqının əsasən Fransa və Almaniyanın, eləcə də Lüksenburq kimi cırtdan ölkələrin iştirakı ilə həyata keçirdiyi təzyiq siyasəti əks-effekt verib və görünən odur ki, Avropa İttifaqında postsovet arealındakı reallıqları dərk etmək iqtidarında olan siyasətçilərin arqumentləri vazkeçilməz gerçəklik kimi qəbul olunur. Qeyd edim ki, Avropa məkanında təkcə enerji sahəsində deyil, digər istiqamətlərdə də təhlükəsizlik problemlərinin ortaya çıxmasının əsas səbəbləri Aİ üzvü olan bəzi dövlətlərin mərkəzdənqaçma meylləri, separat anlaşmalara cəhdləri və ittifaqın vahid maraqlarını nəzərə almamaları olub. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin normal məcraya yönəlməsinə və strateji tərəfdaşlıq müstəvisinə çatdırılmasına, eyni zamanda Aİ-nin siyasətində mövcud reallıqlara və çağırışlara uyğun dəyişikliklərin baş verməsi kimi yanaşmaq lazımdır. Azərbaycana 2 milyard avro maliyyə paketinin ayrılması da bu siyasətin tərkib hissəsidir”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasında 4 fevralda baş tutmuş Məşvərət Şurasının 8-ci toplantısını Azərbaycanla Avropa arasında qaz əməkdaşlığının ikinci mərhələsinin başlanğıcı adlandırmaq olar. Ekspert nəyə görə başlanğıcı olduğunu bu şəkildə açıqladı: “Biz 2013-cü il 19 sentyabr tarixində Avropanın on ölkəsi ilə müqavilə imzaladıq və 10 milyard kub metr qazı 25 il müddətində Avropa bazarında satmaq hüququ əldə etdik. Bunu praktiki baxımdan 2020-ci ilin 31 dekabrında gerçəkləşdirdik. Hazırda bunun bir ilinə yekun vurulub. Avropa qaz bazarında Azərbaycanı layiqli oyunçu kimi qəbul etdilər və Avropanın istəyi bu oldu ki, uzunmüddətli dövr üçün Azərbaycandan əlavə qaz həcmləri almaqda maraqlıdır. Azərbaycan da ona müsbət cavabını verdi. Bununla da qaz əməkdaşlığının ikinci mərhələsi başlayıb. İnşallahc nə zaman ikinci mərhələ üzrə, yəni əlavə qaz həcmlərinin  alqı-satqısı üzrə kommersiya sazişi imzalanar, çox güman ki, bu, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 9-cu iclasında baş tutar. Bundan sonra artıq biz onun praktiki icrasına başlayacağıq. Yəni yataq işlənməlidir. Həmin yataq da təbii ki, Abşeron yatağı olacaq, İlham Əliyev də görüşdə bu haqda məlumat verdi. Daha doğrusu, bunun ikinci fazası məhz Avropaya qaz ixracı üçün nəzərdə tutulub”.

Oxu.az - İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə  kifayətlənməyəcək

İlham Şaban: “Avropa qaz bazarında Azərbaycanı layiqli oyunçu kimi qəbul etdilər”

İ.Şaban qeyd etdi ki, mərhələli qaydada Cənub Qaz Dəhlizinin genişləndirilməsi baş verəcək: “Bu, nə qədər zaman aparacaq, deyə bilmərik. Çünki birinci qaz sövdələşməsi imzalanandan sonra Avropaya qazın getməsi 7 ildən artıq çəkdi. Düşünürəm ki, indi bu, bir qədər az müddət olar, bəlkə 5 il olsun, yaxud böyük genişləndirmə olmadan kiçik qaz həcmlərinin 2023-34-cü ildən əlavə ölkələrdə də satılması mümkündür. Bu baxımdan biz bunu müsbət qəbul edə bilərik”. İ.Şaban insan haqları və digər məsələlərin ikinci plana keçməsi ilə bağlı yanaşmaları bölüşmədi: “Məncə, bu, belə deyil. Oturuşmuş ölkələrin digərləri ilə münasibətlərdə birinci, ikinci, üçüncü dərəcəli məsələ olmur, o, çoxşaxəli və çoxmüstəvili şəkildə öz əlaqələrini qurur. Nəyə görə? Çünki deyir həmişə bütün yumurtaları bir səbətə yığmırlar. Bu yanaşmadan çıxış edirlər. İkinci tərəfdən də bir əli ilə görüşdüyü zaman digər əli ya cibində, ya da tapançasında olur ki, ”mən ikinci addımı belə ata bilərəm”, xəbərdarlığını etsin. Biz bunu həmişə görmüşük: istər Rusiya ilə, istər Avropa, istər Amerika ilə münasibətlərdə. Bizimlə həmişə gülərüz, xoş münasibətlərdə olublar. Ancaq ikinci tərəfdən də Azərbaycanda nə baş verdiyi ilə bağlı tənqidi yazılar da veriblər, bəyanatlarla da çıxış ediblər, hətta məhkəmədə – Londondakı kimi – qərar da çıxarıblar. O baxımdan biri digərinə mane olmayıb. Məsələn, Rusiya siyasi baxımdan bizimlə necə münasibətdədir? Ancaq kefi istəyəndə şlaqbaumu bağlayır, deyir pomidorlarınızda problem var. Rusiya ilə Türkiyə arasında da belə şeyləri görürük. Yəni bu kimi məsələlərə hazır olmaq lazımdır. Azərbaycanın da çoxmüstəvili sahələrdə öz qonşuları ilə və strateji əməkdaşlıq etdiyi ölkələrlə əməkdaşlığı olmalıdır ki, hə, belə olanda bunu qəbul etmək lazımdır. Yoxsa Avropa, yaxud Amerikanın milli marağıdır ki, Azərbaycanda əhali onlar qədər firavan yaşasın və vəsait qazansın. Buna inanmıram. Hər bir ölkənin öz vətəndaşlarının zəhməti hesabına o ölkə digərlərindən seçilən ola bilir. Məsələn, Azərbaycan çalışmalıdır ki, biz digərlərindən seçilək. İndi Cənubi Qafqazda, Xəzərin o tayından seçiliriksə, bu seçilməyimizi get-gedə artıraq. Növbəti nəsil üçün elə bir miras qoyaq ki, onlar yenidən 0-dan başlamasınlar, yuxarı müstəviyə keçid etmək onlar üçün daha rahat olsun”.

E.PAŞASOY,
“Yeni Müsavat”