23 Dekabr 2024

ATƏT sədrinin separatçı “nazirlə” görüşünə Bakıdan sərt reaksiya

YAP deputatından mövqe: “Onların 28 il ərzində tutduqları yanlış yolu davam etdirilməsi regionda sülhə xidmət etmir”

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linden Qarabağdakı separatçı rejimin qalıqlarından olan qondarma “xarici işlər naziri” David Babayanla görüşüb. Xatırladaq ki, ötən ilin dekabrında bölgəyə səfər edən Minsk Qrupu həmsədrləri separatçı rejimin nümayəndələrilə görüşməmişdilər və bunun səbəblərindən biri də Bakıda gördükləri münasibət, “yedikləri diplomatik şapalaq” idi. Ancaq qurumun hazırkı sədri xanım Linde “cəsarət göstərərək”, özünü qondarma, heç kimin tanımadığı rejimin nümayəndəsi ilə görüşəcək səviyyəyə endirdi.

Aydındır ki, həm Rusiya, həm Ermənistan “münaqişənin qalıqları”nın ATƏT-in Minsk Qrupu çərçivəsində “həllinə” hələ də cəhdlər edirlər. ATƏT sədrinin bu cür davranışı isə tərəflər arasında sülh prosesinə ciddi zərbə ola bilər. Azərbaycanın daxilində hələ də separatçılığı, revanşizm hislərini alovlandıran bir qanunsuz qurumun “naziri” ilə görüşmək nə deməkdir? Azərbaycanın reaksiyası necə olmalıdır?

Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, ATƏT və onun Minsk Qrupu üzərinə düşən missiyanı 28 il ərzində yerinə yetirə bilmədi, yaxud da yerinə yetirmək istəmədi: “Artıq tarixə çevrilmiş münaqişənin həllini nəinki reallaşdıra bilmədi, bir çox hallarda məhz onlar həll prosesinə mane oldular. Minsk Qrupu dişsiz addımları, ünvansız bəyanatları ilə, hətta işğalçının tərəfini tutmaqla prosesi  uzatdı. Ötən il Vətən müharibəsi dövründə isə Minsk Qrupunun həmsədrlərinin, xüsusən də Fransanın davranışı onu göstərdi ki, bu formatda olan vasitəçilərlə Qarabağ münaqişəsi həllini tapa bilməzdi və tapmadı. Ona görə də müharibə qaçılmaz oldu və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz Qarabağ münaqişəsini həll etdi. İndi də siyasi yolla həllini gözləyən digər məsələlər həll edilir. İlk növbədə Ermənistanla kommunikasiyaların bərpası istiqamətində ciddi işlər gedir. Bütün bu reallıqlar fonunda ATƏT-in fəaliyyətdə olan sədrinin artıq tarixin zibilliyinə atılmış qondarma rejimin ”xarici işlər naziri” ilə görüş keçirməsi, sanki legitim tərəf kimi onunla danışıqlar aparması tamamilə yanlış yanaşmadır, hazırda gedən prosesə zərbədir.

Deputat Elman Nəsirov: "Demədiyim sözləri adıma çıxarırlar" | Report.az

Elman Nəsirov

Bu onu göstərir ki, ATƏT yenə də münaqişənin olmasında maraqlıdır. Əks təqdirdə, ATƏT sədri yeni problem yarada bilən addıma getməzdi. Yeri gəlmişkən, Prezident İlham Əliyev ATƏT-in sədri Lindeni Bakıda qəbul etmişdi və görüşdə  bir daha bəyan etmişdi ki, Qarabağ münaqişəsi artıq bitib, tarixə çevrilib, yeni reallıqlar formalaşıb, indiki reallıqlarda isə biz ilk növbədə nəqliyyat kommunikasiyalarının bərpası istiqamətində addımlar atırıq, yalnız əməkdaşlıq mühiti bütün regionun təhlükəsiz gələcəyini təmin edə bilər. Təəssüf ki, ATƏT-in sədri bütün bunlardan sonra separatçı ilə görüş keçirib. Bu, qəbuledilməzdir, sülhə xidmət etmir, indiki siyasi tənzimləmə proseslərinə mane olan addımdır”.

Deputatın sözlərinə görə, ATƏT-in rəhbərliyi bilməlidir ki, görüşlər və danışıqlar ancaq Azərbaycanın və Ermənistanın rəhbərliyi ilə aparılmalıdır: “Müharibə bitib və tam yeni reallıqlar meydana gəlib. ATƏT və onun sədri yeni reallıqlara uyğun addımlar atmalıdır, 28 il ərzində tutduqları yanlış, zərərli yolu davam etdirməməlidir. Onların 28 il ərzində tutduqları yanlış yolu davam etdirməsi heç bir halda regionda sülhə, təhlükəsizliyə xidmət etmir, separatçı cinayətkarlarda bir arxayınlıq sindromu formalaşdırır. Bu da nəticə etibarilə mürəkkəb və qara ssenarilərin işə salınmasına şərait yaradır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”