01 İyul 2025

“AstraZeneca” peyvəndi ətrafında qalmaqal – vurulsun, vurulmasın?

Həkimlərdən vaksinlə bağlı maraqlı açıqlamalar

Azərbaycanda son günlərin əsas müzakirə mövzularından biri də koronavirus əleyhinə vaksinlərin yan təsirləri ilə bağlıdır. Bir müddət əvvəl xəbər verildi ki, Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, İsveç Krallığının “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksini Azərbaycana idxal ediləcək.

Bununla belə, Almaniya, Danimarka, İslandiya, Avstraliya, Luksemburq, Estoniya, Litva və Latviya “AstraZeneca” COVID-19 vaksinindən istifadəni dayandırdılar. Amma sonradan bu ölkələrin əksəriyyəti yenidən istifadə edəcəklərini bildirdilər.

Bir-birinə əks olan bu kimi xəbərlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu arada  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa Dərman Agentliyi də “AstraZeneca” peyvəndinin vurulmasını tövsiyyə edib.

Bizimlə söhbətdə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev mövzu ilə bağlı yaranan suallara cavab verib: “Azərbaycanda bu peyvəndin tətbiqi doğru addımdır, bunu alqışlayırıq. Amma təəssüflər olsun ki, son günlər ”AstraZeneca” ilə bağlı elmi əsası olmayan fikirlər yayılır və həmin peyvəndin insanların sağlamlığına göstərəcək müsbət təsirlərinə kölgə salmaq cəhdləri müşahidə olunur. Təbii ki, bu fikirlərin və yanaşmanın hamısının yanlış olduğunu elmi əsaslarla sübut etmək mümkündür. “AstraZeneca”nın müsbət təsirlərindən bəhs edən kifayət qədər elmi tədqiqatlar mövcuddur. Beyin damarlarında tromb əmələ gətirmə probleminə gəlincə isə, deyə bilərəm ki, ümumiyyətlə tromb problemi ümumi koronavirus xəstələrinin 2-3 faizində öz əksini tapıb. Birbaşa peyvəndlə əlaqələndirməyin heç bir elmi əsası yoxdur.

Azerbaijani scientist: “It is too early to circulate information about the  new type of coronavirus with such excitement”

Almaniyadakı peyvənddən imtina məsələsinə gəldikdə isə qeyd edə bilərəm ki, bunun da tam təsdiqli heç bir elmi əsası yox idi, sadəcə, ehtiyatlı və daha da təhlükəsiz olmaq üçün bu addımın atıldığı söylənilir. Belə ki, təxminən 1,6 milyon “AstraZeneca” peyvəndi alanların bu günə qədər bilinən yeddi nəfərinin beyin damarında tromb tapılıb. Əsasən, qadınların çoxluq təşkil etdiyi bu xəstələrdə müvafiq yaş qrupundakı tromb əmələgəlmə faizi illik miqdara çox yaxın olduğundan təhlükə kimi görülüb və alışı dayandırılıb. Daha sonrakı statistik müqayisə İngiltərə ilə aparılıb və ora ilə müqayisədə də Almaniyada bu hallar çoxluq təşkil edib. Bu da bir çox insanlarda narahatlıq doğurub və “AztraZeneca” peyvəndinə qarşı növbəti inamsızlıq yaratdı.

Amma burada incə bir məntiqli analiz insanların köməyinə gəlir. Belə ki, Almaniyada bu peyvəndin onsuz da yaşlılara tətbiqi məsləhət görülmədiyinə görə gənclərə vurulmuşdu və həmin gənclər, xüsusi ilə də qadınlar arasında tromb əmələgəlmə riski onsuz da yüksəkdir. Ona görə də o beyində əmələ gələn trombları birbaşa peyvəndlə əlaqələndirmək elmi cəhətdən doğru deyil. İngiltərə ilə müqayisə də doğru deyil. Çünki İngiltərədə bu peyvəndi başlanğıcda yaşlı nəslin nümayəndələrinə vurublar və o, qocaların da beynində tromb əmələgəlmə riski ümumiyyətlə aşağı olduğundan orada tromblu xəstələrin sayları az olub və onu Almaniya ilə müqayisə etmək elmi cəhətdən doğru olmaz”.

Azərbaycanlı alim bəzi ölkələrin “AstraZeneca”dan imtina etməsi səbəbinə də aydınlıq gətirib: “Bu peyvəndin beyin damarlarında əmələ gətirdiyi müəyyən dəyişikliklərlə bağlı məlumatlar yayılandan sonra bütün bu halları yoxlayıb qərara gəlmək üçün müəyyən ölkələrdə ”AstraZeneca”dan imtina edilib. Təəssüflər olsun ki, bu qərarda da tam elmi əsasın olmadığını araşdırmalardan görə bilərik. Məhz buna görə Azərbaycanda bu sahə ilə məşğul olan mütəxəssisləri və məsul şəxsləri Avropada bəzi ölkələrin “AstraZeneca”dan imtina qərarına qarşı öz fikirlərini deməyə çağırış etdim. Çünki bu, həm dövlət, həm də cəmiyyət üçün çox önəmli bir məqam idi. Biz bilirik ki, hələ ilk vaxtlarda dünya mediasında Çin peyvəndinə kölgə salmaq cəhdləri müşahidə olunurdu və bu da insanlarımız arasında peyvəndə qarşı ciddi inamsızlıq yaradırdı. Cəmiyyətdə bu inamsızlığı biz artıq bu dəfə də müşahidə etməyə başlayırıq və bunun da fəsadları çox ağır ola bilər. Ona görə də düşünürəm ki, bəzi ölkələrin bu peyvənddən imtinasının səbəbləri insanlara tam izah olunmalıdır”.

Adil Qeybulla: "İnsanların qaydalara əməl etməməyi yoluxmanı artırır" |  Report.az

 Adil Qeybulla 

Tibb elmləri doktoru, professor Adil Qeybulla da mövzu ilə bağlı qəzetimizə danışıb: “AstraZeneca”  kifayət qədər yüksək texnologiya ilə hazırlanmış, olduqca effektiv bir vaksindir. İmmun sistemini həddindən artıq qıcıqlandırdığına görə müəyyən reaksiyalar olur. Amma bu kütləvi hal deyil, epizodik hallarda baş verir. Vaksinasiyada bu ola bilər. Bu fakta görə “AstraZeneca” vaksinini sıradan çıxarmaq, ona qarşı kampaniya aparmaq düzgün deyil. Kifayət qədər yüksək texnologiya əsasında alınmış vaksindir. Digər tərəfdən də COVAX platformasının vaksinlərini Avropadan almalıyıq. Yəqin ki, növbəti  axtlarda bu da veriləcək”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”