23 Dekabr 2024

Arvadını döyən kişi məsuliyyətdən azad edildi

Sumqayıt Şəhər Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Samir Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Media1.az  Pravda.az-a istinadən xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Samir Əliyev cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

İttihama görə, hadisə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən binaların birinin qarşısında yerləşən uşaq meydançasında qeydə alınıb. Samir Həsənov qısqanclıq zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Sona Həsənovanın (şərti) sifət nahiyəsinə yumruqla qəsdən bir neçə zərbə vurub.

Məhkəmədə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Samir ifadəsində qeyd edib ki, evlərində mübahisə etdikdən sonra Sona atasıgilə gedib. Hadisədən 3-4 gün sonra onların məhəlləsi tərəfdən keçəndə arvadının skamyada oturduğunu, telefonla kiminləsə yazışdığını görüb. Sona Samiri görən kimi telefonu tez cibinə qoyub. O, həyat yoldaşından kiminlə yazışdığını soruşduqda qadın cavab verməyib. Samir Sonadan telefonu ona verməsini tələb edib, lakin qadın imtina edib.

Samir Həsənovun sözlərinə görə, daha sonra o, arvadının sifət nahiyəsinə bir neçə zərbə endirib.

Hazırda onlar barışıb, Sona ərindən şikayətçi olmadığını məhkəməyə bildirib.