22 Dekabr 2024

Artıq hər hansı vasitəçiliyə ölkəmizin ehtiyacı yoxdur

Azərbaycan Milli Şəhərsalma forumu Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edilmişdir. Hər kəs şahidi olmuşdur ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. Çünki, işğal illərində tamamilə dağıdılıb, məhv edilib. 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Bir tək Ağdam məscidini dağıtmayıblar, çünki, ondan müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin məscidimizi təhqir etdiklərini sübut edən faktlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar.

30 ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırımı, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri işğaldan azad olunan ərazilərimizə gələrək bunu öz gözləri ilə görüblər. 

Cənab Prezident İlham Əliyev Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edərkən bildirmişdir ki, “BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə, bizim Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərimizə baxmayaraq, biz buna nail ola bilmədik. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. İyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa edib”.

Bəli artıq ölkəmizin hər hansı vasitəçiliyə ehtiyacı yoxdur. Azərbaycan Ermənistana sülh təklif edib. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini, – xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması – hamısı Ermənistana təklif olunub. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Ermənistan sülh təklifini qəbul etməli və öhdəliklərini yerinə yetirməlidir.

Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi.

Aytən Məmmədli – YAP Ağstafa rayon təşkilatının məsləhətçisi