22 Dekabr 2024

Armen Qriqoryan: “Bakı və İrəvan ilin sonuna qədər sülh müqaviləsi bağlamaq barədə razılığa gəliblər”

️Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması və sərhədin delimitasiyası şərtlərini razılaşdırıblar.

Musavat.com erməni KİV-ə istinadən bildirir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan sentyabrın 28-də Vaşinqtonda keçirilən görüşdə iki ölkə arasında sülh müqaviləsinin bağlanma vaxtı barədə razılığa gəliblər.

“ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Vaşinqtonda görüş zamanı biz sülh müqaviləsinin bağlanması şərtlərini, yəni ilin sonuna qədər razılaşmanın olmasını müzakirə etdik. Həmçinin Delimitasiya məsələsi: razılıq əldə olunub ki, delimitasiya ilin sonuna qədər aparılacaq”, – Qriqoryan çərşənbə günü Ermənistan ictimai televiziyasına bildirib. 

“Ermənistan narahatdır ki, sülh sazişindən sonra Azərbaycan Ermənistana hücum üçün bəhanə kimi qeyri-delimitasiya olunmuş sərhəddən istifadə edə bilər. Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisindən çıxarılması gündəmdə qalmaqda davam edir” – Armen Qriqoryan bildirib.