22 Noyabr 2024

Aprelin 25-də Şəhid Asif Əlövsət oğlu Abışovun haqqında yaradılan filmin təqdimatı olub.

Media1.az xəbər verir ki, Günel Əliqızı və Zahir Əsədovun birgə yaradıcılığı sayəsində araya-ərsəyə gəlmiş filmin təqdimatı şəhidin doğulub boya başa çatdığı kənddəki Qaradəmirçi kənd tam orta məktəbində keçirilib.

Filmin təqdimatından əvvəl şəhid Asif Abışovun adına verilmiş  məktəbin sinif otağına baş çəkilib. II b sinfinin şagirdləri şəhid Asif Abışov haqqında bilgilərini söyləmiş, şəhidləri tərənnüm edən şerlər səsləndirmişlər.

Film təqdimatına başlamazdan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən və müharibə dövründə erməni terrorunun qurbanı olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Təqdimatı açıq elan edən filmin yaradıcısı Uğur Gənclər Təşkilatının sədri Günel Əliqızı göstərdiyi dəstəyə görə millət vəkili Zahid Oruca təşəkkürünü bildirib. Şəhidlər haqqında çəkilən filmlərə dəstək olan hər kəsə minnətdarlığını ifadə edib. Film haqqında məlumat verəndən sonra Günel Əliqızı sözü şəhid Asif Abışovun anası İsbət xanıma verib.

İsbət xanım şəhid övladı ilə qürur duyduğunu bildirmiş , övlad itkisinin çətin olduğunu demişdir. Lakin şəhid anasının təsəllisi də var. Övladı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında iştirak etmiş, mənfur ermənilər terrorçularını  torpaqlarımızdan qovmuş, uzun illərdən bəri erməni tapdağında qalan torpaqlarımızı işğaldan azadərək həmin yerlərdə yenidən bayrağımızı qaldırmışdır.

Film təqdimatı zamanı Qaradəmirçi kənd məktəbinin direktoru Hakim Ələkbərov, şəhid anası Arzu Cəfərova,  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Bərdə rayon şöbəsinin sədri Etibar xanım Hüseynova, İctimai Televiziyanın Qarabağ üzrə bölgə müxbiri, publisist yazar Şöhrət Eyvazov, şəhidlər haqqında silsilə filmlərin yaradıcılarından biri olan Zahir Əsədov çıxış etmişdilər.

“ Tabuta sığmayanlar” filmində şəhid Asif Abışovun müharibədəki qəhrəmalıqları canlandırılmış, valideynlərinin və müəllimlərinin xatirə sözləri tarixin lentinə köçürülmüşdür.

Filmin təqdimatından sonra məktəblilərin ifasında vətənpərvər şerlər oxunmuşdur.

Media1.az- Musa Muradlı