22 Dekabr 2024

Almaniyada vətəndaşlıq almaq istəyənlərə ŞAD XƏBƏR

Almaniya federal hökuməti ölkə vətəndaşlığının alınması prosesini asanlaşdıran və mühacirlərin inteqrasiyası prosesini sürətləndirən qanun layihəsini təsdiqləyib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Qanun layihəsinə əsasən, ölkədə beş il yaşayan və ya “inteqrasiya sahəsində xüsusi nailiyyətləri” olan şəxslər Almaniya vətəndaşlığı üçün müraciət edə biləcəklər.

Bundan əlavə, ikili vətəndaşlığın alınması ilə bağlı məhdudiyyət də aradan qaldırılacaq.

Vətəndaşlıq üçün müraciət edənlərdən dövlət müavinətləri almadan özlərini və ailələrini təmin edə biləcəklərinə dair sübut təqdim etmələri tələb olunacaq. Qanun layihəsi digər məsələlərlə yanaşı, Almaniyaya daha çox ixtisaslı kadrların cəlb edilməsi və işçi qüvvəsi çatışmazlığı probleminin həlli məqsədi daşıyır.

Almaniya Kansleri Olaf Şolz və hökumət üzvləri tərəfindən bəyənilən qanun layihəsi Bundestaqın təsdiqini tələb edir. Layihənin Bundestaqda müzakirəsi yay tətilinin sonunda baş tutacaq. Dəyişiklik edilmiş qanunvericilik gələn ilin yanvarında qüvvəyə minə bilər.

Almaniya əhalisinin təxminən 14 faizi və ya 12 milyon nəfəri ölkə vətəndaşlığına malik deyil. Baxmayaraq ki, onların 5 milyona yaxını ölkədə ən azı 10 il yaşayıb.//Sfera.az