Ağstafali şəhidimiz Samir Sadıqov dəfn olunub
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Sadıqov Samir Cəbrayıl oğlu Ağstafa rayon Qırılı kənd qəbirstanlığında torpağa tapşırılıb.
İlk öncə şəhidimizin doğma evində vida mərasimi keçirilib. Şəhidimizlə vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Vida mərasimində çıxış edənlər şəhidimizin ailəsinə Allahdan səbr diləyiblər.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Samir Sadıqovun tabutu üzərindəki dövlət bayrağını şəhidin atasına təqdim edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!