22 Dekabr 2024

AĞSTAFALI ŞƏHİDİMİZ ELŞAD HƏSƏNOV ŞƏHİDLƏR XİYABANINDA DƏFN OLUNUB

Aprelin 11-də Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatının qarşısını alarkən xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Həsənov Elşad Qabil oğlu rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

İlk öncə şəhidimizin doğma evində vida mərasimi keçirilib. Şəhidimizlə vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidimizin ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edənlər şəhidimizin ailəsinə Allahdan səbr diləyiblər.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Elşad Həsənovun tabutu üzərindəki dövlət bayrağını şəhidin anasına təqdim edib.

Ailə üzvlərinin diqqətinə çatdırılıb ki, dövlətimiz tərəfindən hər zaman bütün lazımi dəstək göstəriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!