Ağstafada şahmat üzrə rayon turniri keçirilib
04 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin və Qazax – Tovuz Regional Təhsil idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.
Yarış Ağstafa şəhərinin Səməd Vurğun adına istirahət parkında təşkil edilib.
Yarışda Ərazi Partiya Təşkilatlarını təmsil edən 45 nəfər şahmatçı iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıblar və keçirilmiş tədbirin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Keçirilən turnirdə yarışın qalibləri YAP Ağstafa rayon təşkilatı tərəfindən diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.