22 Dekabr 2024

Ağ ev: Ukraynanın Avdiivkadan geri çəkilməsi Konqresin hərəkətsizliyinin nəticəsidir

ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında “ABŞ Konqresinin hərəkətsizliyinin nəticəsi” olan Ukrayna qoşunlarının Avdiivkadan geri çəkilməsini müzakirə edib.

Bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Bu gün səhər Konqresin hərəkətsizliyi Ukrayna əsgərlərini döyüş sursatı ehtiyatını məhdudlaşdırmağa məcbur etdikdən sonra Ukrayna hərbçiləri Avdiivkadan geri çəkilmək məcburiyyətində qalıblar”, – məlumatda qeyd olunub.

Ağ ev Avdiivkanın Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsini “Rusiyanın son aylarda ilk nəzərəçarpacaq uğurları” adlandırıb. Bununla əlaqədar Bayden Ukrayna qoşunlarının yenidən təchizatı üçün əlavə maliyyənin tez bir zamanda təsdiqlənməsinin zəruriliyini vurğulayıb.

Xatırladaq ki, fevralın 17-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski Ukrayna qoşunlarının Avdiivkadan çəkilməsini elan edib. Şəhər uğrunda döyüşlər ötən ilin oktyabrında şiddətlənmişdi. Avdiivka hələ 2014-cü ildə separatçıların nəzarətinə keçmiş Donetskdən cəmi 15 km məsafədə yerləşməklə strateji önəmə sahibdir.\\“Report”