ABŞ – Türkiyə münasibətlərində gərginliyin geopolitik çalarları
Əsasən 2-ci Cahan Savaşından sonrakı dövrlərdə Türkiyəyə Hitler Almaniyasının “passiv müttəfiqi” kimi düşmən münasibət bəsləyən, ona hər an təcavüzə hazır olan Sovet imperiyası qarşısında ABŞ-ı görmüşdü. Elə bu istiqamətdə də Türkiyə – ABŞ münasibətləri ən yaxşı halda hərbi əməkdaşlığa qədər yüksəlmişdi.
Düzdür, Ankara-Vaşinqton münasibətləri müxtəlif vaxtlarda gah sabit, gah da gərgin olub, lakin iki ölkə arasında soyuqluq əsasən “müttəfiqlik çərçivəsindən çıxmayan küskünlük” dərəcəsində olub. Hazırda isə Türkiyə və ABŞ münasibətlərində müttəfiqlik ruhundan uzaqlaşmaqla, tərəflər qarşılıqlı olaraq bəzən bir – birinin maraqlarını tapdamaqdan belə çəkinmirlər. Bu münasibətlərin korlanması ABŞ-ın İraqa hücumu vaxtı kəskinləşdi. Suriya böhranında isə ABŞ-n Türkiyə maraqları ziddinə atdığı addımlar (kürd terrorçularına dəstəyi) qarşılıqlı münasibətləri daha da korladı. Artıq Türkiyəni ABŞ orbitinə salan təhlükəsizlik təhdidi SSRİ/Rusiya mövcud deyil. Ortaq təhdidin olmaması ortaq maraqların da zəifləməsinə gətirib çıxarır. Bu bir yana, Türkiyə artıq Rusiyanı nələrsə qazana biləcəyi bir variant olaraq da görür. Bu isə ABŞ üçün qəbuledilməzdir. Çünki Vaşinqton orbitindəki ölkələrin Rusiya və Çin ilə münasibətlərində “Amerikanın maraqları” çərçivəsindən çıxmamağını istəyir.
Türkiyənin təhdid anlayışının dəyişməsi Vaşinqtonun Ankaranı cilovlamaq imkanlarını zəiflədir. Buna görə də Vaşinqton Ankara ilə siçan-pişik oynamaq yerinə, Türkiyəni kənarda saxlayacağı konfiqurasiyalara yönəlir. Məsələn, ən məşhur örnək NATO-nun cənub sərhədlərinin Türkiyədən Yunanıstana sürüşdürülməsidir. Və ya Vaşinqtonun açıq-aşkar PKK-a dəstək verməsi, Türkiyə-Yunanıstan çəkişməsində Afinanın tərəfini saxlaması ABŞ-ın Türkiyənin narahatlıqlarını nəzərə almadığını göstərir. Türkiyə isə öz milli maraqlarından irəli gələn uğurlu siyasi manevrlər etməklə həm regional, həm də qlobal arenada real güc sahibi olduğunu isbatlamaqdadır.
Belə bir vəziyyətdə ortaq təhdidlərin, ortaq maraqların və ortaq həssaslıqların olmadığı bir məqamda müstəqil siyasətin gətirəcəyi dividentlərlə yanaşı mümkün risklərin də gözə alınaraq adekvat tədbirlərin alınması Türkiyənin beynəlxalq güc mərkəzlərində birinə çevrilməsinə zəmin yaradacaq. Bəs bütün bu proseslər Türkiyənin tam ABŞ-dan qopmasına gətirib çıxararmı? Zənnimcə Türkiyə – ABŞ münasibətləri nə qədər nazilsə də, üzülmə olmayacaq, bunu tarixi əlaqələrdəki strateji müttəfiqlik və Türkiyəyə qarşı tarixi düşmənçilik sərgiləyən qonşu ölkələrin ABŞ-ın da rəqib siyahısında olmaları sığortalayır. ABŞ – Türkiyə – Qərb əlaqələri həm də qarşılıqlı maraqların uzlaşmasından irəli gəlir. Həmçinin ABŞ- ın liderlik etdiyi NATO da hərbi qüvvələr kontingentibdə Türkiyə Silahlı Qüvvələri mühüm yer alır. Çünki geostrateji aspektə baxmayaraq, struktural və sistemik səbəblərə görə Türkiyəni NATO-dan çıxarmaq və ya Ankaranın təşkilatdan öz istəyi ilə ayrılması mümkün görünmür. Yəni, ABŞ nə qədər qaçmaq istəsə də böhran vəziyyətlərində dönüb dolaşıb Türkiyənin ayağına düşdüyünü görəcək. Bu səbəbdən ABŞ bütün gücü ilə Türkiyəni NATO daxilində neytrallaşdırmağa, praktiki məsələlərə qoşmamağa çalışır. Məsələn, ötən ay Polşaya raket düşəndə Bayden bir neçə önəmli NATO üzvü ilə görüşsə də, Ərdoğanla məsləhətləşmədi. Vaşinqtonun praktikada “Türkiyəsiz NATO” hazırlığı sırf Ərdoğanlamı əlaqəlidir? Vaşinqton 2023-cü il seçkilərinimi gözləyir? Bunlar önəmli dəyişkənlərdir. Amma bu vəziyyəti təkcə fiqurlarla izah etmək doğru deyil. ABŞ-Türkiyə münasibətlərindəki yeniliklər situasiya və paradiqma dəyişikliyindən qaynaqlanır.
Hazırda dünya düzənin dəyişməsi, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra yeni siyasi qütbləşməsi müşahidə olunur. ABŞ –ın fəallığı ilə yaradılan yeni alyanslarda, məsələn, 2021-ci ildə Avstraliya, Böyük Britaniya və ABŞ-n daxil olduğu AUUKUS hərbi ittifaqı, eləcə də Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiyanın qoşulduğu yeni Sakit okean ittifaqında Türkiyə yer almayıb.
Rasim Zeynalov – Siyasi analitik/beynəlxalq icmalçı