ABŞ İrəvanı Kremlə qarşı qoyur: Xankəndi Rusiyanın regional çöküş məkanına çevrilir
Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ regionundan çıxarılması ABŞ və Qərbin maraqlarında ön plana keçməyə başlayıb, “Xankəndi böhranı” Ağ Evin “geopolitik masa”sına çıxarılır… Kreml Ermənistanla ortaq hərbi təxribatlar törədərək, müqavimət göstərməyə çalışsa da, bu proses Rusiyanın Cənubi Qafqazda çöküşünə yol aça biləcək başlanğıc təsir faktoruna çevrilmək üzrədir…
Azərbaycan qarşıya qoyulan tarixi hədəflərinə doğru addım-addım irəliləyir. Rəsmi Bakının uğurlu siyasi-diplomatik manevrləri Azərbaycana beynəlxalq və regional məkanda yeni imkanlar açır. Və Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquq çərçivəsində prinsipial qərarlar üzərində qurur.
Son vaxtlar baş verən hadisələr də rəsmi Bakının Ermənistanı siyasi-diplomatik məkanda qabaqladığını və hətta sıxışdırdığını göstərir. Belə ki, bir müddət öncə Ermənistan xarici himayədarlarından daha intensiv siyasi dəstək ala bilirdi. İndi isə bu dəstək tədricən zəifləməyə başlayıb. Hətta bəzi ölkələr və beynəlxalq qurumlar Azərbaycanın maraqlarına həssas yanaşmağa üstünlük verirlər, “erməni faktoru” ilə məsafə saxlamağa çalışırlar.
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılmasının beynəlxalq hüquqa uyğun olmasını bildirməsi regional proseslərin Azərbaycanın maraqlarına uyğun olduğu qənaəti yaradır. Üstəlik, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bonoda təxminən oxşar mövqe nümayiş etdirmişdi. O, bildirmişdi ki, ABŞ Azərbaycanın Laçın yolu ilə bağlı təhlükəsizlik maraqlarını anlayır.
Yəni, bu, o deməkdir ki, ABŞ Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqələri yaratmasına neqativ reaksiya vermək niyyətində deyil. Əksinə, indiki situasiyada Laçın yoluna nəzarətin Azərbaycanın əlinə keçməsi ABŞ-ın Cənubi Qafqaz siyasətinə uyğundur. Çünki bu halda, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Xankəndi və ətraf bölgədə fəaliyyəti də nəzarət altına düşmüş olacaq, Kremlin regionda geopolitik manevr imkanları məhdudlaşacaq. Sonrakı mərhələdə isə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması asanlaşacaq. Bu isə son nəticədə Ermənistandakı Rusiya hərbi bazasının ləğvinə münbit şərait yarada, Kremlin Cənubi Qafqazdan çıxarılmasını sürətləndirə bilər.
Göründüyü kimi, rəsmi İrəvanın bütün hərbi təxribatlarına və total propoqanda savaşına baxmayaraq, regional proseslər Ermənistanın əleyhinə cərəyan edir. Ona görə də, indi ABŞ-dakı erməni diasporu da narahatdır, Ağ Evdən narazı olduğunu qabartmağa çalışır. Hazırda erməni diasporu daha çox ABŞ Dövlət Departamentinin baş müşavirini hədəf alıb. Erməni diasporu hesab edir ki, Lui Bononun “ABŞ Azərbaycana qarşı hər hansı sanksiyanın tətbiq edilməsi barədə heç bir müzakirə aparmır, belə fikir ümumiyyətlə, yoxdur” mesajı Ağ Ev administrasiyasının zəifliyidir.
Təbii ki, Ağ Ev ABŞ-ın maraqları tələb edəndə “erməni faktoru”ndan istifadə edir. Ancaq indi Ağ Evin maraqları tamamilə fərqli məzmun daşıyır. Hazırda Ağ Evin əsas hədəflərindən biri Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına indeksləşib. Belə vəziyyətdə rəsmi İrəvanın ABŞ-dan dəstək gözləmək əvəzinə, Ağ Evin təlimatlarını yerinə yetirməsi daha vacib hesab olunur. Və Ermənistan ABŞ-ın diqqətini yalnız Ağ Evin təlimatlarını tam şəkildə yerinə yetirməklə çəkə bilər.
ABŞ siyasi dairələri isə hələlik Rusiyanın regional təsir mexanizmlərinin ləğvinə daha çox üstünlük verirlər. Yəni, ilk növbədə Rusiya Azərbaycan ərazisindən çıxmalıdır, Ermənistandakı rus hərbi bazası ləğv olunmalıdır. Rəsmi İrəvan Rusiyanın regional vassalı olduğu dövrü sona çatdırmalıdır.
ABŞ və Qərb bütün bunlar baş vermədikcə Ermənistana hərbi-siyasi dəstəyin mümkün olmayacağını qətiyyən gizlətmir. Ona görə də indi rəsmi İrəvan Rusiyadan tam şəkildə uzaqlaşmaq, KTMT-nı tərk etmək barədə daha çox düşünməlidir. Və Paşinyan hakimiyyəti son vaxtlar bu istiqamətdə müəyyən addımlar atmağa da başlayıb.
Məsələ ondadır ki, bir müddət əvvəl baş nazir Nikol Paşinyan Kreml sahibi Vladimir Putinin də iştirak etdiyi zirvə toplantısında KTMT-nın yekun sənədini imzalamaqdan imtina etmişdi. Ardınca KTMT-nın Ermənistanda keçiriləcək hərbi təlimlərini bloklanmışdı. İndi isə son olaraq, rəsmi İrəvan KTMT baş katibinin Ermənistan üçün nəzərdə tutulan müavin kvotasını geri çevirib. Bu, müəyyən mənada, Paşinyan hakimiyyətinin tədricən KTMT-da fəaliyyətini məhdudlaşdırmağa çalışması anlamına gəlir.
Təbii ki, bu, Paşinyan hakimiyyətinin Rusiya və KTMT-ya qarşı olduqca ciddi, həm də çox təhlükəli növbəti demarşıdır. Belə ehtimal etmək olar ki, rəsmi İrəvan ya KTMT-dan çıxmaq üzrə prosedura qeyri-rəsmi start verib. Ya da rəsmi İrəvan belə addımlarla Ermənistanın bu qurumdakı fəaliyyətini müvəqqəti məhdudlaşdırmaqla, ABŞ və Qərbin təlimatlarını manipulyasiya etməyə çalışır.
Müşahidələrə əsasən, Paşinyan hakimiyyətinin bu iki variantı paralel olaraq, istifadə etdiyini də düşünmək olar. Çünki avantürist vərdişlərə malik rəsmi İrəvanın son anda Ermənistana daha sərfəli tərəflə yaxınlaşmaq üçün manevr imkanlarını qorumağa çalışdığı da istisna deyil. Hər halda, hazırda Cənubi Qafqazda situasiyanın süni şəkildə gərginləşdirilməsi üçün Ermənistanın Rusiya ilə ortaq davrandığı da açıq-aşkar nəzərə çarpır.
Məsələ ondadır ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində Ermənistan ordusunun qalıqlarının, silahlı erməni terrorçuların döyüş mövqelərinə daşınması müşahidə olunur. Bu hərbi təxribatda Rusiya sülhməramlı qüvvələri də birbaşa iştirak edir. Azərbaycanın Müdafiə Nazirliyi isə hər iki tərəfə sərt şəkildə xəbərdarlıq edib. Rusiya sülhməramlı kontingentinin komandanlığını öz məsuliyyətini dərk etməyə və Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınmasını dərhal dayandırmağa çağırıb. Və əks halda, Azərbaycan ordusunun hər an baş verən hərbi təxribatlara beynəlxalq hüquq çərçivəsində müdaxilə edə biləcəyini vurğulayıb.
Belə anlaşılır ki, rəsmi İrəvan hələ də ikibaşlı avantürist davranışlarını davam etdirir. Paşinyan hakimiyyəti hələ də həm Rusiyadan, həm də ABŞ və Qərbdən öz məqsədləri üçün istifadə edə biləcəyini düşünür. Halbuki iki nəhəng dövlətin bir-biri ilə kəskin toqquşan regional maraqları ilə manipulyasiya cəhdləri Ermənistanı real hərbi təhlükə qarşısında buraxır. Yəni, rəsmi İrəvan istənilən halda, ABŞ və Qərblə Rusiya arasında prinsipial seçim etmək məcburiyyətindədir. Və məhz bundan sonra Ermənistanın gələcək taleyinin necə olacağı ilə bağlı təsəvvürlər aydınlaşdırmağa başlaya bilər.
Hələlik isə yalnız onu demək olar ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ regionundan çıxarılması ABŞ və Qərbin maraqlarında ön plana keçməyə başlayıb. Hər halda, Xankəndi və ətraf bölgə ilə bağlı prosesin Ağ Evin “geopolitik masa”sına çıxmaqda olduğu müşahidə olunur. Bu, Rusiyanın Cənubi Qafqazda çöküşünə yol aça biləcək başlanğıc təsir faktoruna çevrilmək üzrədir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu