01 İyun 2025

ABŞ-da meymunlar da vaksin olundu

ABŞ-ın “San-Dieqo” zooparkında qorillalar arasında koronavirus aşkarlanmasının ardından bəzi böyük meymunlar vaksin olunub.

Media1.az Musavat.com-a istinadən bildirir ki, Kaliforniya əyalətindəki zooparkda yaşayan dörd orangutan və beş bonoboya baytar əczaçılıq şirkəti olan “Zoetis” tərəfindən istehsal olunan vaksinin iki dozası vurulub. Vaksin olunan meymunlar arasında dünyada ilk dəfə açıq ürək əməliyyatı keçirən Karen adlı qorilla da var.

Adı çəkilən şirkət 2020-ci ilin fevral ayında pişik və itlər üzərində təcrübədən keçirilən vaksin istehsal etməyə başlayıb. Oktyabr ayında isə heyvanlar üzərində təcrübə edilən bu vaksinin təhlükəsiz və təsirli olduğu təsdiq edilib.

Lakin sözügedən peyvənd bu ilin fevral ayına qədər it və pişiklərdən başqa heç bir heyvan üzərində sınaqdan keçirilməmişdi.

Xatırladaq ki, bu ilin yanvar ayında həmin zooparkdakı 8 qorillada “Covid-19” virusu aşkar edilmişdi. Nəsli kəsilməkdə olan qorillaların virusa yoluxması böyük narahatlıq doğurmuşdu.

Bu günə qədər “Covid-19” virusu təkcə qorillalarda, it və pişiklərdə deyil, müxtəlif zoorparklarda aslan və pələnglərdə də aşkarlanıb. Lakin heyvanlar arasında yoluxma çox nadir hallarda ortaya çıxır.