ABŞ bu üsulla Cənubi Qafqazda möhkəmlənə bilməz
“ABŞ Konqresində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmənin keçirilməsi erməni lobbisinin dəstəyi ilə təşkil olunub. ABŞ bununla Azərbaycana olan qərəzi nümayiş etdirir. O cümlədən ABŞ Dövlət Departamentinin nümayəndəsi O’Brayn deyib ki, sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək”.
Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov deyib.
Millət vəkili ABŞ-ın Azərbaycana qarşı heç vaxt səmimi olmadığını və ikili oyun oynadığını qeyd edib:
“Ona görə də 1992-ci ildə Azərbaycan torpaqlarını Ermənistan işğal etdiyi halda ölkəmizi sanki işğalçı kimi qələmə verərək 907-ci düzəliş qəbul etməklə Azərbaycana hərbi yardımın göstərilməsini dayandırdı. Sonra da BMT TŞ-nin 4 qətnaməsinin icra etdirilməsinə mandat verilmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ 28 ildə Ermənistana bir təzyiq etmək üsulundan istifadə etmədi, əksinə, torpaqlarımızda erməni işğalını əbədiləşdirməyə çalışdı. İndi isə Azərbaycan torpaqlarını öz gücü ilə işğalçılardan təmizlədiyi halda yenidən ölkəmizə qarşı təzyiq metodundan istifadə etməyə çalışır. ABŞ və Fransa birmənalı şəkildə bilməlidir ki, Azərbaycanın onların yardımına ehtiyacı yoxdur. Azərbaycan yardıma ehtiyacı olan ölkələrə özü yardımlar göndərir.
O’Brayn yardımı dayandıracaq deməklə Azərbaycanla hədə dilində danışa bilməz. Biz müstəqilik və qərarlarımızı da müstəqil qəbul edirik. ABŞ bu üsulla Cənubi Qafqazda möhkəmlənə bilməz. O cümlədən Cənubi Qafqazda icra olunan bütün lahiyələr və siyasi platformalar Azərbaycanın iştirakı ilə baş tutur. Qoy onlar öz repertuarında olmaqda davam etsinlər. Biz də öz işimizi görürük və Cənubi Qafqaza davamlı sülhün gəlməsi üçün çalışırıq. ABŞ və Fransa dünya tarixində heç vaxt heç bir ölkəyə sülh aparmayıb. Onların Cənubi Qafqazda möhkəmlənməkdə də çirkin planları var. Amma bizə qarşı olan heç bir plan ayaq tutub yeriməyəcək, biz buna imkan vermərik”.
Nigar HƏSƏNLİ,
Musavat.com