18 Oktyabr 2024

“Erkən nikah və onun mənfi fəsadları”

Ailə genofondumuzu qorumaq üçün bütün səylərimizi gücləndirməliyik!
Erkən yaşda nikaha daxil olma sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Beynəlxalq standartlara görə, uşaqların erkən yaşda nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1-ci maddəsində nikah yaşı istər qadınlar, istər kişilər üçün 18-dir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir. Bu, həmin hallarla rastlaşan tərəflərin fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı həmçinin risklər də yaradır. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar. Nəticədə bu, məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Çünki normal təhsili, peşə bacarıqları olmadığından, öz ailəsi də arxa çıxmadığından özünün gündəlik tələbatlarını reallaşdırmaq onlar üçün mümkünsüz olur, bəzən də onlar cinayətkar insanların təsiri altına düşə bilirlər. Son dövrlər aparılan təhlillər göstərir ki, boşanmaların mütləq əksəriyyəti erkən, hazırlıqsız ailə həyatı qurulması ilə bağlıdır. Burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Son illər erkən nikaha girmək istəyənlərin sayı da artmaqdadır. Təəssüf doğuran odur ki, erkən yaşda ailə həyatı qurmaq çox halda valideynin arzusu, daha dəqiq desək, tələbi ilə həyata keçirilir. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında çox danışılıb, müzakirələr aparılıb. Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir. Son dövrlərdə aparılan əsas maarifləndirmə işlərindən biri də doğumu dövlət qeydiyyatından kənarda qalmış uşaqların müəyyən edilməsi və bu barədə görülən tədbirlərdir. Hazırda doğumun qeydiyyatı avtomatlaşdırılmış qaydada aparılır. Doğum faktı baş verdikdə bu barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə ötürülür. Doğumun dövlət qeydiyyatının məcburiliyi barədə bildiriş göndərilməklə valideynlər uşağın doğumunu qeydə aldırmaq üçün qeydiyyat şöbəsinə dəvət edilirlər. Uşağın doğumunun qeydə alınması zərurəti Uşaq hüquqları haqqında Konvensiyada və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununda da nəzərdə tutulmuşdur. Qanunvericilikdə uşağın hüquqları onun mənşəyinin təsdiq olunmasına əsaslanır və bu təsdiq uşağın doğum haqqında şəhadətnaməsində öz əksini tapır. Doğumun qeydə alınması uşaqların gələcək həyatı üçün olduqca vacib amildir. Bu, doğumu dövlət qeydiyyatından kənarda qalmış uşaqların sosial məhdudiyyətlərlə qarşılaşmasına səbəb olur. Unutmamalıyıq ki, gələcəyimiz bu gün qurulan sağlam ailələrdən, sağlam övladlardan asılıdır. Ailə genofondumuzu qorumaq üçün bütün səylərimizi gücləndirməliyik!
Naftalan şəhər Qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən
                                 Aytəkin Səmədzadə