29 Mart 2024

Bərdədə şəhid ailələri və müharibə iştirakçıları üçün yeni təsərrüfatlar yaradılıb FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına əsasən postmüharibə dövründə həyata keçirilən sosial dəstək tədbirləri Bərdə rayonunu da əhatə edir.

Media1.az Musavat.coma istinadən xəbər verir ki, rayonda Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, erməni terroru nəticəsində evlərinə ziyan dəymiş şəxslər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev təsərrüfatlardan bir qisminə baxış keçirib.

Özünüməşğulluq proqramının dəstəyi ilə şəhid Turqut Zeynalovun anası Zibeydə Zeynalova üçün yaradılmış un məmulatları istehsalı kiçik müəssisəsi, şəhid Xudayar Yusifzadənin qardaşı Yusif Yusifzadə və şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova üçün yaradlılmış heyvandarlıq təsərrüfatları nəzərdən keçirilib. Erməni terroru nəticəsində evinə ziyan dəymiş Xalid Əliyev üçün yaradılmış dülgər sexinə də baxış olub.

Proqram iştirakçıları dövlətin bu qayğısından səmərəli şəkildə faydalanaraq, öz təsərrüfatlarını inkişaf etdirmək əzmində olduqlarını bildirib, ailə təsərrüfatlarını qurmaq üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Bu il Bərdə rayonunda həssas əhali qruplarından (şəhid ailələri, əlilliyi olan şəxslər, aztəminatlı ailələr və b.) 232 işsiz şəxs özünüməşğulluq proqramına cəlb olunub. O cümlədən, postmüharibə dövründə rayonda 60 nəfərə yaxın şəhid ailəsi üzvü, müharibə iştirakçısı, erməni terrorundan zərər çəkən şəxs proqrama cəlb edilib.