Bərdə rayonundan bir qrup təhsil işçisi şəhid, milli qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib
Bərdə rayon Xəsili və Qazaxlar kənd tam orta məktəbin təşkilatçılığı ilə bir qrup müəllim və Təhsil şöbəsinin əməkdaşı, MXM-nin direktoru Xuraman Qurbanova Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunun Əliabad kəndində şəhid döyüşçünün valideynlərinə baş çəkiblər.
Qonaqları mehribanlıqla qarşılayan Milli Qəhrəmanın atası hacı Ağakərim İbrahimov, anası Şamama İbrahimova övladları ilə bağlı xatirələri yada salaraq gənclərə Vətəni Mübariz kimi sevməyi tövsiyə ediblər.
Milli Qəhrəmanın atası hacı Ağakərim İbrahimov çıxışında qeyd edib ki, oğlum şəhid olana kimi mənim oğlum idi. İndi isə xalqın övladıdı.
Görüşdə Xuraman Qurbanova, məktəb rəhbərləri Təhminə Qafarova və Zövqiyyə Əsədova, həmçinin Xəsili kənd tam orta məktəbin tarix müəllimi Ramil Bəylərzadə çıxış edərək igid döyüşçü Mübariz İbrahimovun həyat yolunun gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynadığını, şəhidin qəhrəmanlığının ölkənin bütün gənclərinə örnək olduğunu diqqətə çatdırıblar.
Müəllimlər Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyi ilə yaxından tanış olub, muzeyə öz xatirə hədiyyələrini təqdim ediblər.
Sonda qonaqlar qəhrəmanın valideynləri ilə xatirə şəkli çəkdiriblər.