23 Dekabr 2024

Sabah buraxılış imtahanları keçiriləcək

İmtahanlarda 18 mindən çox şagirdin iştirakı gözlənilir

Aprelin 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları təşkil olunacaq. Bu barədə Media1.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində keçiriləcək buraxılış imtahanlarında 18367 nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).