Erməni türkoloq: “Türklərin bizim düşmənimiz olduğunu düşünmürəm…”
“Əminəm ki, Ermənistan və Türkiyə normal münasibətlər saxlaya bilər, məhz normal münasibətlər, mehriban qonşuluq münasibətləri yox, çünki bunun üçün ciddi məsafə qət edilməlidir ”.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq Ruben Safrastyan bu gün yerli jurnalistlərlə görüşündə deyib.
Onun sözlərinə görə, normal münasibətlər tərələr arasında diplomatik münasibətlərin mövcudluğunu və açıq sərhədləri özündə ehtiva edir: “Problem Türkiyənin yürütdüyü siyasətdədir. Belə ki, Ankara 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıdıqdan sonra İrəvanla diplomatik əlaqələr qurmaqdan imtina edib. Keçmişi unutmaq və hər şeyi təmiz vərəqdən başlamaq. Bu cür ifadələr yaxşı səslənir, amma bunu söyləyənlər Türkiyənin siyasətini təhlil etməlidirlər.
Ermənistanda heç bir ciddi siyasi qüvvə belə yanaşmaya hazır deyil. Ankara yalnız bizim öz tələblərimizdən, o cümlədən erməni identikliyinin ayrılmaz hissəsi kimi “soyqırımın” tanınması tələbindən imtina etməyimizi istəyir. Ermənilərin, Ermənistanın, “Artsax”ın Türkiyənin təklif etdiyi yolu tutmağa hazır olduğunu düşünmürəm”.
Erməni türkoloqun iddiasına görə, Ermənistanda Türkiyəyə qarşı dövlət səviyyəsində heç vaxt düşmən yanaşma olmayıb. “Türklərin bizim düşmənimiz olduğunu düşünmürəm. Problem ədalətin bərpasında, Osmanlı İmperatorluğunun ermənilərə qarşı törətdiyi ağır cinayətin pislənməsindədir”, – deyə o bildirib.
Safrastyanın fikrincə, Ermənistan Xarici İşlər Nazirliyi son vaxtlar bölgədəki vəziyyət, o cümlədən Türkiyənin siyasəti ilə bağlı daha dəqiq mövqelərlə çıxış edir: “Anlamaq və nəzərə almaq vacibdir ki, dünyada milli dəyərlərə əsaslanan xarici siyasət yürütmək meyli get-gedə güclənir”.
Əlbəttə, Türkiyə-Ermənistan münasibətləri gec-tez qaydaya düşəcək. O da yəqin ki, Azərbaycanla Ermənistan arasında əlaqələr qurulandan sonra və ya eyni vaxtda mümkün olacaq. Çünki əbədiyyən düşmən millətlər olmur.
İkinci yandan, qonşu ölkələr kimi də heç kim heç yerə çıxıb getməyəcək. Lakin ermənilərin xoşuna gəlsə də, gəlməsə də, qonşuluq əlaqələrinin qısamüddətli deyil, uzunömürlü və səmimi olması üçün bircə normal şərt var: Ermənistanın öz qonşularına qarşı əsassız torpaq və saxta “soyqırım” iddialarından birdəfəlik imtinası. Yoxsa üzdə normal qonşuluq əlaqələrindən danışıb arxada silah gizlətmək… Bu variant keçməyəcək. Necə ki, indiyədək keçməyib. Seçim həmişəki kimi, Ermənistanın, ermənilərindir…