Bölgədə yeni müharibə havası: İrəvan öhdəliklərindən qaçır, Moskva isə…
Martın 1-nə hazırlanmalı olan üçtərəfli “yol xəritəsi” niyə gecikir? Politoloq: “Rusiya Ermənistandan izahat istəməlidir…”
Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli sənədin imzalanmasından iki ay ötür. 11 yanvar yazılı razılaşması keçən ilin 10 noyabrında qəbul edilmiş Ermənistanın kapitulyasiya sənədinin davamı sayılır. Anlaşmada müharibədən sonra regionda bütün nəqliyyat dəhlizləri və kommunikasiyaların açılmasını nəzərdə tutan konkret mexanizmlər əks olunmuşdu.
O sırada qərara alınmışdı ki, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılsın və həmin qurum martın 1-dək konkret “yol xəritəsi”ni liderlərin masası üzərinə qoysun. Lakin vaxt tamama yetsə də, nəticə yoxdur. Bu da müstəsna olaraq, İrəvanın astagəlliyi və ya prosesi ləngitməsi ilə əlaqələndirilir. Halbuki əksər müstəqil iqtisadçı ekspertlərə görə, iqtisadi-ticari əlaqələrin bərpası ən çox Ermənistana lazımdır, çünki bölgənin dərin böhran içində olan, xarici sərhədləri bağlı qalan yeganə ölkəsi məhz odur.
Bəzi siyasi müşahidəçilər ləngimənin əsas motivi qismində Ermənistandakı qəliz daxili vəziyyəti görsələr də, fakt budur ki, rəsmi İrəvanın özü də yol və kommunikasiyaların sürətli açılmasına bir elə isti yanaşmır. Buna yüksək çinli Ermənistan hökuməti yetkililərinin Azərbaycana və Türkiyəyə münasibətdə davam edən ənənəvi düşmən mövqeyi, vaxtaşırı ölkəmizə qarşı ərazi iddiasını özündə daşıyan bəyanatlar vermələri şübhə yeri saxlamır. O sırada Ermənistan XİN Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr və 11 yanvar razılaşmalarına daban-dabana zidd açıqlamalar səsləndirməkdədir.
Yaxud belə bir misal: keçən həftə Avrasiya İqtisadi Birliyinin (AİB) İqtisad Komissiyası Şurasının onlayn formatda keçirilən iclasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Türkiyə də daxil olmaqla, inkişaf etməkdə olan 75 ölkənin AİB-in vahid tarif üstünlükləri sistemi siyahısından çıxarılmasını təklif edib. Təklif qəbul olunub. Təzad ondadır ki, Qriqoryan 11 yanvar sazişinə əsasən, baş nazir müavinləri səviyyəsində üçlü işçi qrupunda öz ölkəsini təmsil edən şəxsdir və işçi qrupu Türkiyə ilə də əlaqələrin qaydaya salınmasına görəvlidir…
*****
“Ermənistan 11 yanvarda qəbul edilən 4 maddəlik bəyanatın əsas bəndini yerinə yetirməyib. Doğrudur, baş nazirlərin müavinləri bir neçə dəfə Moskvada görüşüblər, ancaq bəyanatda deyildiyi kimi, ekspertlərdən ibarət altqrupların fəaliyyətə başlaması barədə məlumat yoxdur. Digər tərəfdən, martın 1-i geridə qalıb, ancaq liderlərə təkliflər paketi təqdim edilməyib”.
Elxan Şahinoğlu
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq xatırladıb ki, 4 maddəlik bəyanatın ümumi mənası 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqrupların yaradılmasından ibarət idi: “İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə edilməli və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə verilməli idi. İşçi heyətə və ekspertlərə martın 1-nə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi. Nikol Paşinyan əsas gətirə bilər ki, ölkəsində vəziyyət gərgindir və hazırda onun və komandasının Azərbaycanla əməkdaşlığa dair təkliflər paketi hazırlayacaq halı yoxdur. Ancaq Ermənistanda xaos uzun müddət davam edə bilər. Bu, o deməkdirmi ki, Nikol Paşinyan bunu bəhanə edərək, kommunikasiya xətlərinin açılması məsələsini yubada bilər?”
Politoloq habelə Ermənistan XİN-in mətbuat katibinin açıqlamalarında daima Naxçıvanla Azərbaycanın materik hissəsi arasında dəhlizin mümkünsüzlüyünü dilə gətirməsini yada salıb. “Belə çıxır, Paşinyanın Moskvada qəbul etdiyini onun naziri təkzib edir və ya Paşinyan özü XİN vasitəsilə imza atdığı bəyanatdan yayınmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyev son geniş mətbuat konfransında dedi ki, Ermənistan kommunikasiya xətlərinin açılmasına mane olmağa çalışır. Aydındır ki, Nikol Paşinyan hazırkı vəziyyətdə kommunikasiya xətlərinin açılmasına hazır deyil. Ancaq Azərbaycan onun buna nə zaman hazır olacağını gözləyə bilməz. 11 yanvar bəyanatının müəllifi Rusiya prezidentidir. Deməli, Moskva İrəvanın məsələni gecikdirməsi ilə bağlı izahat istəməlidir”, – deyə Şahinoğlu əlavə edib.
*****
Hələlik bu yöndə Kreml sarıdan hansısa hərəkətlilik yoxdur. Bu isə narahatlığı artırır. Hər halda, Moskvada və İrəvanda anlamamış deyillər ki, 10 noyabr və 11 yanvar üçtərəfli anlaşmalarının tam həcmdə həyata keçməməsi bölgədə yeni müharibə riskinin artması, Ermənistandakı revanşist-faşist qüvvələrin “çörəyinin üzərinə yağ sürtülməsi” demək olardı.
“Moskva ənənəvi olaraq Ermənistandakı vəziyyətin qarışmasında maraqlı deyil. Onun baş nazir Nikol Paşinyana qarşı hər hansı meyli olmadığı üçün Ermənistanın daxili işlərinə qarışmaq istəyindən uzaqdır”.
Vladimir Lepexin
“Yeni Musavat”ın məlumatına görə, bu fikri Arminfo-ya Moskvadakı Avrasiya İqtisadi Birliyi İnstitutunun İcraçı direktoru Vladimir Lepexin söyləyib.
“Mənim fikrimcə, bu, Qarabağ və onun ətrafında sülh prosesinin təmin edilməsini bütünlüklə öz üzərinə çəkdiyi şəraitdə Rusiyanın yeganə mümkün mövqeyidir. Xüsusilə də Moskvanın hər addımının Ermənistanda öz siyasi təsirini gücləndirməyə cəhd kimi qiymətləndirilə biləcəyi şəraitdə – bunun ölkədəki vəziyyətə vəd etdiyi bütün mənfi nəticələri ilə birlikdə”, – deyə rusiyalı ekspert vurğulayıb.
Onun fikrincə, Rusiya bu gün Ermənistanda dalana girmiş vəziyyəti yalnız izləməklə məşğuldur. “Moskvanın Ermənistandakı hərəkətləri isə müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi ilə yanaşı, Qarabağdakı sülhməramlı missiyanın icrası ilə də məhdudlaşır”, – qurum rəhbəri bildirib.
*****
Şübhəsiz ki, rəsmi Moskvanın bölgədə öz maraqları var. Lakin bu da var ki, masaya prezident Putinin şəxsən imzaladığı və onun təşəbbüsü ilə ərsəyə gələn iki sənəd qoyulub. Və hər iki sənədin bir sıra mühüm bəndlərinin reallaşması yubanır. O sırada Qarabağda qalmış işğalçı ordunun qalıqlarının tərk-silah edilməsi məsələsi də öz həllini gözləyir. Ərazimizdə qanunsuz silahlı dəstələrin qalması isə yeni hərbi toqquşma ehtimalının qalması deməkdir…
Siyasət şöbəsi,
“Yeni Müsavat”