05 İyun 2025

Ağstafada 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə silsisilə tədbirlər keçirilir

05 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Həsənsu kənd”, “Vurğun qəsəbə”, “Göycəli kənd”, “Köçəsgər kənd” və “Eynallı kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 15 iyun – Milli Qrutuluş Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Liderin mənalı ömür yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı misilisiz tarixi xidmətlərindən bəhs edən kitab sərgisinə baxılıb.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Həsənsu kənd” Ərazi Partiya Təşkilatının sədri Nizami İsgəndərli bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev, “Eynallı kənd” Ərazi Partiya Təşkilatının sədri Güldərya Kərimova və partiya fəalı Rüfət Axundov geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.