Azərbaycanın yaratdığı yeni reallıqlar

Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycanın beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi deyil, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirakı, ökəmizin çəkisinin göstəricisidir. Çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verən Azərbaycan belə tədbirləri yüksək səviyyədə keçirməklə, dünyanın diqqətində olur. Sözsüz ki, bu cür tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir.
Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu da, məhz dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha ortaya qoyur. Prezident İlham Əliyevin forumlardakı çıxışları Azərbaycan reallıqlarının, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışların təqdimatında əhəmiyyətli rol oynayır.
ADA Universitetində keçirilən forumun mövzusundan da göründüyü kimi, hazırkı dövrün əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin qorunmasıdır. Yeni dünya nizamının formalaşdırılmasından bəhs edərkən türk dünyasının birliyinin qorunmasının vacibliyini xüsusi qeyd etməliyik. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bu birliyin, həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir.
Prezident İlham Əliyev sözügedən forumdakı çıxışında da vurğuladı ki, Azərbaycan türkdilli aləmə, türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib. Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır. İstərdik ki, Türk Dövlətləri Təşkilatı daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. 30 illik işğal, həmçinin postmünaqişə dövrünün reallıqları əksər dünya güclərinin təcavüzkarın, işğalçının yanında olduğunu nümayiş etdirir. Azərbaycanın tarixi Zəfərdən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında da belə dəstəklərin rolu aydın şəkildə görünür. Azərbaycanın beynəlxalq hüququn prinsiplərini özündə ehtiva edən təklifləri Ermənistan tərəfindən qəbul edilib. Sülh müqaviləsinin imzalanması üçün iki şərtin qəbul edilməsi gündəmdədir ki, bunun biri Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir.
Dövlət başçısı İlham Əliyev “Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq” söyləyərək bu çağırışı da etdi ki, lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik. Bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı