16 Noyabr 2024

10 Noyabr Üçtərəfli Bəyanatı Azərbaycanın tarixi qələbəsidir

10 noyabr 2020-ci il. Üç dövlət başçısının imzaladığı bəyanat 30 ildən çox davam edən münaqişənin aradan qaldırılması istiqamətində atılan mühüm addım oldu. İmzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlər regionun gələcəyinə dair Prezident İlham Əliyev konsepsiyasının üstünlüyünü və həyatiliyini göstərməklə yanaşı, həmçinin bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğuru idi. Bəli, tarixi sənəd olan üçtərəfli Bəyanat status-kvonu dəyişdi.

Azərbaycan Prezident İlham Əliyev 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra xalqa müraciətində bildirdi ki, bu bəyanatda Dağlıq Qarabağın statusu məsələsi yoxdur və bu tarixi Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur.

Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.

Üçtərəfli Bəyanat qardaş Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifin puç olduğunu bütün dünyaya göstərdi, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

II Qarabağ savaşının gedişində dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri həmrəylik nümayiş etdirərək, Vətən bildikləri torpaq uğrunda cəsarətlə düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bəli, 10 noyabrda Qarabağımız tam Azəzərbaycanın oldu. Ali Baş Komandan, Prezidenti İlham Əliyevin dediyi kimi: “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı