Qalib Liderimiz, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə Laçın cənnətə çevrilib
23 avqust 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Rafiq Alıcanov 7” Ərazi Partiya Təşkilatında 26 avqust “Laçın şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının nümayəndələri və “Rafiq Alıcanov 7” Ərazi Partiya Təşkilatının partiya fəalları iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Rafiq Alıcanov 7” Ərazi Partiya Təşkilatının sədri Bəhruz Süleymanov qeyd edib ki, Qalib Liderimiz, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə Laçın cənnətə çevrilib və bundan sonrakı tariximizdə də “Laçın Şəhəri Günü”nü coşqun təntənə ilə qeyd edəcəyik. Çünk bu gün Azərbaycanın inkşafının və əldə etdiyi bütün qələbələrin əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət dayanır. Qalib Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaqdır.
Tədbirdə çıxış edən digər natiqlər – YAP Ağstafa rayon təşkilatının sədr müavini Canpolad Yusifov, YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev, partiya fəalları Arif Cəfərov və Samir Məhərrəmov bildiriblər ki, tarixi Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsindən sonra xalqımızın və dövlətimizin qarşısında dayanan əsas vəzifə düşmən işğalından azad edilmiş şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi ən müasir tələblərə uyğun şəkildə bərpa etmək və Azərbaycan millətinin Böyük Qayıdış arzusunu reallaşdırmaqdır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız bu tarixi missiyanı da müvəffəqiyyətlə yerinə yetirməkdədir. Azad edilmiş ərazilərimizin bərpası üçün ölkə prezidentinin göstərişi əsasında büdcədən lazımi vəsaitlər ayrılır. Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında gerçəkləşdirilən bütün proseslər ölkə başçımız tərəfindən çox ciddi nəzarətdə saxlanılır. Azərbaycanda cənab İlham Əliyevin timsalında mövcud siyasi iradə, məharətli strateji yanaşma, resursların düzgün idarə olunması, sosial-iqtisadi inkişaf strategiyanın səriştəli inkişaf etdirilməsi və ölkəmizdə istənilən sahəyə ayrılan diqqət Vətənimizi daha ucaldacaq, xalqımızın daha da firavan yaşamasına xidmət edəcəkdir.