12 Mart 2025

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. l978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazlarına baxmayaraq, Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.

Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin doğma dilimizə həssaslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin la­tın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam həm də əlifba ilə bağlı problemləri həll etdi. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Ana dili xalqın özü, varlığı, mənəviyyatıdır və mühüm tarixi əhəmiyyətə malikdir. Çünki o harada yaşamasından asılı olmayaraq, azərbaycanlıları birləşdirən, onların doğmalığının, həmrəyliyinin əsası olan ən etibarlı vasitədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında bu məsələni xüsusi vurğulayaraq “Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”, – dedi. Dil həm də mənsub olduğu xalqın tanınmasında əhəmiyyətli rol oynayan amillərdən biridir. Bu mənada onun təbliğ edilməsi, beynəlxalq aləmdə nüfuzunun artırılması olduqca vacibdir. Qürurverici haldır ki, dövlətimizin nüfuzu artdıqca dilimizin mövqeyi də güclənir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı