Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir
Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin davamlı inkişafı və qorunması sahəsində mühüm işlər görülmüş, bir sıra fərman və qanunlar qəbul edilmişdir. 2001-ci ildə Ümummilli Liderin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı imzalanmışdır. Bu Fərman dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılmasında xüsusi rol oynamışdır. Ulu Öndərin 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladağı digər Fərmana əsasən ölkəmizdə hər il 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Daha sonra, 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Ümummilli Lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulmuş siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının bu sahədə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, eyni zamand, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən daima istifadə olunacaqdır.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı