23 Dekabr 2024

Xocalı soyqırımı-XX əsrin faciəsi…

“Bütovlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Ümummilli lider Heydər Əliyev

Bəşəriyyət öz mövcudluğu ərzində saysız–hesabsız qanlı müharibələrin, basqınların və dəhşətli faciələrin şahidi olub. Bunlardan bəziləri kütləvi şəkildə dinc, silahsız əhalinin o cümlədən qocaların, uşaqların və qadınların məhv edilməsilə nəticələnib. Xalqımız da dəfələrlə erməni daşnaklarının etnik təmizləmə və soyqırım siyasətinə məruz qalıb. XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz olunmuş və soyqırım törədilmişdir. Ermənilərin 1992-cı il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri amansız soyqırım bunların ən dəhşətlisi oldu. O soyuq fevral gecəsi Ermənistan silahlı qüvvələri Sovet İttifaqı ordusunun 366-cı alayının köməyi və iştirakı ilə, Azərbaycanın gözəl diyarı olan Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım törətdilər. Xocalı soyqırımını törətməklə erməni millətçiləri xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqlarımızın işğalı faktı ilə barışdırmaq kimi çirkin niyyətlər güdürdülər. Azərbaycan xalqına qarşı misli gürünməmiş kütləvi və amansız qırğın aktı ermənilərin Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf götürmüş , insanlığa qarşı yönəlmiş irimiqyaslı cinayət idi. Dinc, silahsız xocalılara bir gecənin içində böyük zərbələr vurulmuşdur. Soyqırım nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, gənc, uşaq, körpə həlak oldu, yüzlərlə insan əsir düşdü, yaralandı və xəsarət aldı. Erməni birləşmələrinin vəhşiliyi nəticəsində Xocalıda 613 nəfər öldürülmüş, 1275 nəfər dinc sakin əsir götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyildir. Faciə nəticəsində 1000 nəfərdən artıq Xocalı sakini müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olub. Onların 76 nəfəri yetkinlik yaşına çatmayanlardır. Qətlə yetirilənlərin 106 nəfəri qadın,83 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə ahıl çağını yaşayan qocalar idi. Şəhidlərin 56 nəfəri diri-diri yandırılmış, başlarının kəsilmiş və dərisi soyulmuş, bədən əzaları  kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların bədəni süngü ilə dəlik-deşik edilmişdir. Erməni vandalizminin iç üzünü açan bu təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini , 130 uşaq isə valideynlərindən birini itirdi.   Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.        

Bəli, bu gün Xocalı faciəsindən 29 il keçir. Xocalı faciəsi sadəcə olaraq tarixə çevrilməmişdir, bu tarixi hər dəfə vərəqlədikcə sanki yaralarımızın qaysağı qopur, qəlbimiz göynəyir.

Və budur! Tarixi ədalət bərpa olundu! Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistan qoşunlarının işğal altındakı torpaqlardan çıxarılması uğrunda apardığı müharibədə qazandığı şanlı Qələbə hərb tariximizə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. “Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, əzmi, Ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın güclü dövlət olduğunu və haqlı mübarizə apardığımızı bütün dünyaya bir daha nümayiş etdirdik. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Çünki həmin gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, müzəffər ordumuz!

Səmədzadə Aytəkin Dilqəm qızı.

Naftalan şəhər Qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən