16 Aprel 2024

XOCALININ QİSASI QİYAMƏTƏ QALMADI

Xocalı soyqırımının qisası alındı.44 günlük rəşadətli döyüşlərdə məhv edilən erməni döyüşçülərinin arasında çoxlu sayda “Xocalı qatilləri”də var idi.

Hər il fevralın 26-sı xalqımızın qan yaddaşında ən müdhiş tarixi gün kimi xatırlanır. 29 il öncə mənfur ermənilər Qarabağın Xocalı şəhərində dinc sakinləri, qadını, uşağı, əliyalın insanları amansız işgəncələrə məruz qoyaraq qətlə yetirmələri ilə bəşəriyyətə qarşı misli görünməyən cinayət törətmiş oldular.Möhtərəm prezidentimizin ifadəsi ilə desək, dünyanın ən vəhşi qəbiləsinin bacarmadığı bir cinayəti həyata keçirdilər.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmı ilə bağlı  Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki,  “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Sözün həqiqi mənasında ən doğru yanaşma, verilən hüququ qiymət də məhz, ümummilli liderin bu cümləsində ehtiva olunur,desək yanılmarıq.  

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

 Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

 “Xocalının işğalına dair istintaq materiallarından”da məlum olur ki,bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin “müdafiə naziri”, sonralar Ermənistanın müdafiə naziri olmuşdur) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir.

 Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir.

Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

 Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırılıb. Digər Xocalı sakini Səriyyə Talıbovanın bildirdiyinə görə  4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsiblər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxarıblar.

 Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

 Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.

İndi , o müdhiş faciədən 29 il ötür. Xalqımız ilk dəfə bu günü qalib ədası ilə xatırlayacaq. Xocalı şəhidlərinin ruhu qarşısında mənən bir az rahatlaşmış olacaq. Dünya bu illər ərzində Xocalının qatillərinə qucaq açdığı, onların cinayətlərinə seyrçi qaldığı halda Azərbaycan Prezidentinin komandanlığı sayəsində xalqımız , ordumuz düşmənin belini qırmış oldu. Dəmir yumuruqla düşmənin başını əzdi. Erməni faşistləri özlərinin layiqli cəzalarını aldı. Xeyli sayda “xocalı qatili” məhv olunmaqla layiqli cəzasına çatdı. Ancaq, hələ də xeyli sayda “Xocalı qatili” var ki, erməniləri toparlayıb xalqımız qarşı çirkin, mənfur əməllərini davam etdirmək istəyirlər. Əminliklə demək olar ki, onların da cəzalarına çatacağı gün uzaqda deyil. Möhtərəm Ali Baş Komandanımızın uzaqgörən, ağıllı siyasəti bizə yeni zəfər qələbələri vəd edir.  

 Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

 Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Nəriman İsmayılov

Bərdə Rayon Qeydiyyat Şöbəsinin rəisi II dərəcəli ədliyyə qulluqçusu