21 Dekabr 2024

Qırğızıstan və Azərbaycan münasibətləri

Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19- da qurulub.
24 aprel 2024-cu il tarixində Dövlətlərarası Şuranın uğurla keçən ikinci iclasında imzalanmış sənədlər iki dövlətin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət dövriyyəsi dəfələrlə artır.
Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Davamlı əməkdaşlığın əsas meyarı odur ki, Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olmalıdır. Azərbaycan və Qırğızıstan dövlətləri arasında mədəniyyət sahəsində də əməkdaşlıq özünü göstərir. Hər iki dövlətdə Mədəniyyət Günləri keçiriləcək. Qırğız xalqının böyük oğlu Çingiz
Aytmatovun Bakıdakı abidəsinin açılışı böyük mədəni hadisədir.
Çingiz Aytmatovun abidəsinin açılışı iki dövlət arasında dostluğun, qardaşlığın  və birliyin daha bir rəmzidir. Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur, Azərbaycan xalqı Çingiz Aytmatovu sevir. Xalq onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyir.
Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Qardaş ölkənin belə dəstəyi ölkəmiz üçün böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı,
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq va qarşılıqlı yardım haqqında Saziş,
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində aməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş, Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş  imzalanıb.
Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Qarabağda səfərdə olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atlarına baxıblar. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edib.
Daha sonra hər iki dövlət başçısı Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Konfrans Mərkəzi Ağdam rayonu işğaldan azad edildikdən sonra inşa olunub. Ağdam Konfrans Mərkəzində müasir tələblərə uyğun tədbirlərin – konfransların, seminarların, forumların, simpoziumların, işgüzar görüşlərin, konsertlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Mərkəz artıq beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edir.
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.
Sonra Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.
Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq.
Dövlət başçıları Ağdam, Füzuli və Xocavənddə görülən işlərdən, eləcə də bu rayonlarda həyata keçiriləcək layihələrdən bəhs edən videoçarxa baxıblar.

Ülkər Mehdizadə – Bərdə Tarix-diyarşünaslıq muzeyində şöbə müdiri