22 Dekabr 2024

Kredit təşkilatları torpaq vergisi ödəməkdən azad edilir – Ekspert səbəbi açıqladı

2024-cü ildən Vergi Məcəlləsinə torpaq vergisi ilə bağlı yeni maddə əlavə edilib.

Məcəllənin 207.12-ci maddəsinə əsasən, kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara görə həmin torpaqların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

Vergi Məcəlləsində edilən bu dəyişiklik özündə nələri ehtiva edir? Niyə onlar vergini ödəməkdən azad edilir, məqsəd nədir?

İqtisadçı-ekspert Eyyub Kərimlinin Musavat.com-a bildirdiyinə görə, burada əsas məqsəd mülkiyyətə keçən torpaqların bir müddət istismarında müəyyən dividentlərin əldə edilməsi və onların səmərəli idarə edilməsidir:

“Belə ki vergi ödənişinin azad edilməsi kredit təşkilatlarının öhdəliyinə keçən torpağın səmərəli idarə edilməsi ilə bağlıdır. Bəzən həmin torpaqlar digər mülkiyyətçilərə verilə bilər. Burada verginin ödəməsi onlar üçün həm əlavə xərc yaratmayacaq. Eyni zamanda, torpaqların qiymətinin artmasına səbəb olmaması üçün bu güzəştlər tətbiq edilib”.

Afaq Mirayiq,
Musavat.com