22 Dekabr 2024

Azərbaycan qlobal məsələlərin müzakirəsi üçün ən müvafiq bir məkandır

Mart ayının 14-də ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Həmin gün Bakıda, Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilib.

XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları vardır. Bu, öz növbəsində Forumun nəhəng intellektual potensialına dəlalət edir.

Forumun açılş günündə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edib ki, keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. Arxada qalan 28 ildə baş verənləri təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub.

“Əfsuslar olsun ki, bizim münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu, səbəbini isə mən artıq izah etdim. Beləliklə, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. İndi baş verən də məhz budur. İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, bizim ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsidir ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik” – deyə ölkə başçısı bildirib.

Azərbaycanın qeyri-qanuni işğalın qurbanı olduğu və etnik təmizləməyə məruz qaldığını bildirən dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”.

Prezident İlham Əliyev Forumunda çıxışı zamanı Fransanın ölkəmizə qarşı qərəzli mövqeydə olduğunu deyib: “Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir”.

1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”. Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.

Forumda Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq əməkdaşlıq platformasının möhkəmlənməsinə dərin töhfələr verərək dünyada etimadını artırrıb, bu nüfuzun davamı kimi ölkəmizə Asiya Parlament Assambleyasına sədrlik etmək, COP-29 Zirvə görüşünə ev sahibliyi etmək kimi məsuliyyətli vəzifələr tapşırılıb. Bütün bunlar Azərbaycanın qlobal məsələlərin müzakirəsi üçün ən müvafiq bir məkan olmasını təsdiq edir.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı