22 Dekabr 2024

YAP Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır

Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.

Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Ulu Öndər Heydər Əliyev isə Naxçıvan Muxtar Respublikasında referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq və uzaqgörənlik tələb edən addım idi.

Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

Ərazi bütövlüyün bərpa olunması Ulu Öndərin siyasi vəsiyyəti idi. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalq-iqtidar bir yumruq kimi birləşməsinin nəticəsində cəmi 44 gün ərzində tarixi ədaləti bərpa olundu və düşmən torpaqlarımızdan qovuldu.

Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri iştirak edib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

Əldə olunmuş tarixi Qələbə sayəsində Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.

Jalə Mehdiyeva

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı