22 Dekabr 2024

Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib

Azərbaycanın Qalib Lideri Prezident İlham Əliyev bütöv, suveren ölkəmizdə keçirilən seçkilərdə tarixi zəfərə imza atdıqdan sonra ilk rəsmi səfərini dost Türkiyəyə etməsi yeni dövrün başlağıcında artıq iki qardaş dövlətin bundan sonrakı münasibətində yeni üfüqlərin açıldığının təzahürüdür. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib. Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirdiyi kimi, “Prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.”

Hər zaman olduğu kimi, bu səfər çərçivəsində də müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması, eləcə də aparılan müzakirələr mövcud münasibətlərin daha da dərinləşməsinə əsasdır.

Görüş çərçivəsində ticarət, enerji və müdafiə sənayesi sahələrindəki əlaqələr müzakirə edilib, “Bu gün təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik, bu il üçün və gələcək illər üçün “Yol xəritəsi”ni bir daha gözdən keçirdik. Müdafiə sənayesi sahəsində çox gözəl irəliləyişlər var və prezident seçkilərindən iki gün sonra mənim iştirak etdiyim ilk tədbir “Bayraktar Akıncı” PUA-sının təqdimatı idi. Artıq PUA-lar da Azərbaycan səmasında uçur və bu, bizim üçün həm əlavə imkanlar yaradır, eyni zamanda, texnoloji inkişafımız üçün önəmli şərtdir”- deyə Prezident bildirib. Bildiyimiz kimi, fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olaraq və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləmişdilər. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirmişdir. “Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin yaradılması üçün işlərin sürətlə getdiyini bildirən Cənab Prezident bu il və ya gələn il bu gözəl mərkəzin açılacağını diqqətə çatdırıb: “Eyni zamanda, Türkiyənin bir neçə şirkəti ilə ortaq istehsal üzrə danışıqların son mərhələsindəyik.”

Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və iki ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərinin keçirilməsi məsələlərinə toxunulub: “Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”.

Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparılıb. Birgə istehsalla əlaqədar artıq konkret planlar.

Qeyd olunmalıdır ki, səfər çərçivəsində təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Anlaşma Memorandumu ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacaq. Universitet elm və texnologiya sahələrində münasibətləri yeni səviyyəyə qaldıracaq. Cənab İlham Əliyev çıxışında qeyd etmişdir: “Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir”.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini