Çin ABŞ-a narazılığını bildirdi: Sanksiya və əlavə rüsumlar…
Çin hakimiyyəti Vaşinqtonun Çin şirkətlərinə tətbiq etdiyi yüksək rüsum və sanksiya təzyiqindən ABŞ-a narahatlığını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə Çin Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Çinin narahatlığı qarşı tərəfə iqtisadi məsələlər üzrə hökumətlərarası birgə işçi qrupun 3-cü iclası zamanı çatdırılıb. İkitərəfli məsləhətləşmələr fevralın 5-i və 6-da Pekində baş tutub. Onlarda Çin Xalq Respublikasının Maliyyə Nazirliyinin rəhbəri Lan Foan iştirak edib: “Çin tərəfi ABŞ-ın Çinə tətbiq etdiyi rüsumların artırılması, hər iki istiqamətdə investisiyaların məhdudlaşdırılması və Çin müəssisələrini sıxışdırmağa yönəlmiş sanksiyalardan narahatlığını ifadə edib”.
Çin Maliyyə Nazirliyinin məlumatına görə, görüş iki ölkə liderləri arasında 2023-cü ildə San-Fransiskoda baş tutan sammitdə əldə olunan konsensusa uyğun olaraq keçirilib: “Çin və Birləşmiş Ştatlar arasında dərin, səmimi, praqmatik və konstruktiv fikir mübadiləsi aparılıb”.