Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və başqa kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdi. İşğal nəticəsində Kəlbəcərin tarixi-mədəniyyət abidələri məhv edilmiş, yüzlərlə sakini öldürülmüş, əsir götürülmüş və itkin düşmüşdür. Rayon tamamilə dağıdılmış, talan edilmiş, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
30 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından işğalçı qüvvələrin dərhal çıxarılması haqqında 822 saylı Qətnamə vermişdir. Rəsmi İrəvan həmin Qətnaməni icra etmədi. 44 Günlük Vətən Müharibəsində Azərbaycan özü BMT Qətnamələrini icra edərək torpaqlarımızı azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı Kəlbəcər rayonunun şimal hissəsini düşməndən azad etmişdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə medalı” təsis edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş torpaqlara mütəmadi səfərləri zamanı dəfələrlə Kəlbəcərdə olmuşdur. İndi Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır. Burada böyük infrastruktur layihələri icra olunur. İcra olunan layihələr, həm mülki əhali, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı