22 Noyabr 2024

Tərtərlilər şəhidlərimizin xatirəsini ehtiramla anıblar

27 Sentyabr – Anım Günü Tərtər rayonunda silsilə tədbirlərlə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərinin Mərkəzi Meydanında quraşdırılmış monitorda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış igid oğul və qızlarımıza həsr olunmuş videoçarxlar nümayiş etdirilib, sosial şəbəkələrdə şəhidlərin hər kəsə örnək olan qısa, lakin mənalı ömür yolundan bəhs edən yazılar paylaşılıb.

Tərtərlilər səhər saatlarından “Şəhidlər” abidə kompleksini ziyarət ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri də abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi yad ediblər.

Anım Günü ilə bağlı 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dağıdılmış açıq havada fəaliyyət göstərən ev-muzeyinə sakinlərin ekskursiyası təşkil olunub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilməyib.

Diqqətə çatdırılıb ki, 44 gün ərzində Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Rayonun infrastrukturuna xeyli ziyan dəyib, 12 körpələr evi-uşaq bağçası, 16 ümumtəhsil, 10 tibb, 7 mədəniyyət müəssisəsi, məscid və inzibati binalar, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evləri dağılıb, yaxud zərər çəkib. Tərtər 44 günlük Vətən müharibəsində 46 hərbi,16 mülki şəhid verib.

Milli Məclisin deputatı Sahib Alıyev çıxışında bildirib ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin – əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Məğlub olan düşmən yenə də təxribatlardan əl çəkmirdi. 19 sentyabr 2023-cü il tarixdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan lokal antiterror tədbirləri erməni separatizminə birdəfəlik son qoydu.

Tədbir iştirakçıları muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət yeni yaradılmış fotoguşəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dağılmış açıq havada fəaliyyət göstərən ev-muzeyinə baxış keçiriblər.

Anım Günü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağında” ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 100 ədəd Eldar şamı əkilib, ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb.

Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi Tərtərdə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.