24 Dekabr 2024

Ağcabədidə 27 Sentyabr – Anım Günü qeyd olundu

Artıq Vətən müharibəsinin başlanmasından 3 il ötür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 Sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu gün münasibətilə ölkəmizin hər yerində geniş tədbirlər keçirilir, xalqımız Vətən müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi böyük ehtiramla yad edir.

Ağcabədidə də Anım Günü geniş şəkildə qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, mətbuat nümayəndələri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbir Muğanlı kəndində, Qəhrəmanlar Parkında başlayıb. Burada şəhidlər abidəsinin önünə tər güllər düzülüb, Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhuna dualar oxunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı çıxış edib.

Muğanlı kəndindən sonra Hindarx qəsəbəsində də Şəhidlər xiyabanı ziyarət olunub, buradakı xatirə lövhəsinin qarşısına çiçəklər düzülüb, şəhidlərimizin xatirəsi anılıb. Rayon rəhbərinin çıxışından sonra xiyabanda ağacəkmə aksiyası baş tutub.

Anım Gününə həsr olunmuş növbəti tədbir Ağcabədi rayon Qəhrəmanlar Parkında keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ağcabədi şəhər Cümə məscidinin imam müavini şəhidlərin ruhuna dualar oxuyub. Çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Bu Zəfəri qazanmaq üçün canından, qanından keçən vətən oğullarını xalqımız heç vaxt unutmayacaq, onların xatirələrini hər zaman əziz tutacaqdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Qabil Rzayev, şəhid Tariyel Salmanovun atası Allahverdi Salmanov, şəhid Vüsal Şükürovun anası Sevinc Şükürova, “N” saylı hərbi hissənin komandiri polkovnik Şamxal Səlimov, şəhid Taryel Atayevin həyat yoldaşı İlhamə Atayeva çıxış ediblər.

Sonra şəhid övladları Zəfərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Saat 12 -00-da bir dəqiqəlik sükut elan olunub, avtomobillər siqnal verib.

Sükut anınından sonra tədbir şəhid məzarlarının ziyarət olunması ilə davam edib.

Sonra rayon rəhbərliyi, şəhidlərin ailə üzvləri, tədbir iştirakçıları Qəhrəmanlar Parkında ağacəkmə aksiyasında iştirak ediblər. Vətən müharibəsi və ondan sonra həlak olan Ağcabədi şəhidlərinin sayına uyğun olaraq 51 ədəd ağac əkilib.