Ermənistan indi də Ukraynanı minalayır
Bəs, indi beynəlxalq birlik İrəvanın bu cinayətlərinə reaksiya verəcəkmi?
Ukraynanın işğaldan azad edilmiş ərazilərində Ermənistan istehsalı olan piyada əleyhinə minalar aşkar edilib. Bu barədə “İnformasiya müqaviməti” qrupunun hərbi-siyasi şərhçisi Aleksandr Kovalenko öz “Telegram” kanalında məlumat verib.
“Ukraynanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi zamanı bəzən gözlənilməyən nümunələr qarşımıza çıxa bilir. Məsələn, ərazidən tapılan ”E-001″ piyada əleyhinə minasının fotosu dərc olunub ki, bu mina Ermənistanda istehsal olunur. Bunun erməni minası olduğuna şübhə yoxdur, mən bu minaları şəxsən Qarabağda görmüşəm”, – deyə o bildirib.
“Qeyd edim ki, əvvəllər Ermənistanın Rusiya ordusuna belə minalar verməsi barədə məlumat daxil olmayıb. Amma mən hələlik, nəticələr çıxarmaq üçün tələsmək istəməzdım. İndiki mərhələdə bu minalardan nə qədərinin Rusiya ordusu tərəfindən istifadə edildiyini və ümumiyyətlə, bu minaların onların əlinə necə düşdüyünü söyləmək çətindir. Tədarük şəklində və ya qaçaqmalçılıq yolu ilə də ola bilər”, – deyə Kovalenko qeyd edib.
Onun sözlərinə görə, müvəqqəti olaraq işğal edilmiş Krımda erməni diasporunun nümayəndələri işğalçılarla sıx əməkdaşlıq edirlər. “Krım Könüllülər Birliyinin rəhbəri Armen (Samvel) Martoyan 44 günlük müharibə zamanı hətta Qarabağı ziyarət edib və döyüşə könüllülər göndərib. Gizli təchizat kanalı yaradılmış ola bilərdi”, – deyə Aleksandr Kovalenko vurğulayıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra 303 azərbaycanlı mina qurbanına çevrilib. 10 noyabr 2020-ci il bəyanatının bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına və digər beynəlxalq öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin intensiv minalanması halları, Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar gətirərək basdırması, beynəlxalq ictimaiyyətin Ermənistanın məqsədli şəkildə mina təhdidinə göz yumması nəticəsində 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist daxil 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Ermənistan uzun illərdir ki, bir neçə konvensiyanın tələblərinə zidd olaraq mina istehsalı ilə məşğul olur. Hələ sovet dövründə Ermənistanda iki mina zavodu fəaliyyət göstərirdi. Sonrakı dövrdə, yəni Vətən müharibəsi zamanı hər iki zavodun istehsal gücü artırılıb. Həmin zavodlarda Ermənistan müdafiə nazirinin nəzarəti ilə minaların istehsalı artdı və həmin minalar Azərbaycan ərazilərinə daşınıb.
İndi isə faktlarla sübut olunur ki, Ermənistan həm də Ukrayna ərazilərinin minalanmasında da aktiv rol alıb. Bəs, indi beynəlxalq birlik Ermənistanın bu cinayətlərinə reaksiya verəcəkmi? Ermənistana silah satışında hansısa yasaqlar tətbiq edilə bilərmi?
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, buna görə beynəlxalq birlik ermənilərə heç nə edəsi deyil: “Ermənilər o beynəlxalq birlik ”kimdirsə”, nədirsə, ona yaman xoş gəlirlər. Ukraynada erməni minaları məsələsinə kiminsə ciddi reaksiya verəcəyini düşünmürəm. Bilirsinizmi niyə? Ukraynada ayrı-ayrı şəxslər bunda maraqlı olsa da, dövlət maraqlı deyil. Ukraynada artıq anlayırlar ki, onlar Qərbin buferidir. Rusiyanı da məşğul etmək üçün “primanka”dırlar. Amma Ukrayna da savaşı bitirə bilmir. Çünki elə bir oyunun içindədir ki, sükan əlində deyildir. Ukrayna Ermənistanla bağlı da belə ədalət cəbhəsində yer almağa çalışsa da, bu işlə məşğul olmağa zamanı yoxdur. Ona görə bu beynəlxalq birliyin başını buraxmaq lazımdır. Bizim kimi coğrafi ərazisi kiçik, amma resursları güclü olan dövlətə regional dövlətlərlə normal münasibət lazımdır. Bir də satış bazarlarına çıxışdakı tərəfdaşlarla işləmək lazımdır. Ermənistanı qətiyyən güclənməyə qoymaq olmaz! Bu təklifi həmişə edirəm. İndi də deyirəm. Ermənistan silahsızlaşdırılmalıdır. Ona ancaq polis qüvvəsi saxlamaq olar. Ordusu olmamalıdır. Hərbi və təhlükəsizlik strateqlərimiz düşünsün. Hədəf: Ermənistanın demilitarizasiyası! Əslində, özbaşına olsa, Paşinyan da buna razı olar. Amma orada dərin erməni klanları var”.
Emin Həsənli
Hərbi ekspert Emin Həsənli bu xəbər inandırıcı sayır: “Bilirsiniz ki, Rusiya hər zaman Ermənistanı dəstəkləyib. Bir milyarddan artıq ermənilərə silah verdiyi hələ Yeltsin dönəmində sübut olunmuşdu. Kreml daim Ermənistanı silahlandırıb. SSRİ-nin ən böyük mina zavodlarından biri də Ermənistanda olub. Heç də təsadüfi deyil ki, Qarabağ ərazisini başdan-başa minalayıblar. Bu da çox təəssüf hissi doğurur. Ukraynada Ermənistan istehsallı minaların tapılması inandırıcıdır. Çünki İran ruslara pilotsuz uçuş aparatları verir, Ermənistan da nə mümkündürsə, dəstək verir. Ermənistan hər zaman Rusiyanın forpostudur, onun yanındadır. Rəsmi İrəvana Fransa, Rusiya, Amerika və İranın təsiri çox güclüdür. Ermənilər daim iki stolda əyləşiblər, yəni Amerika və Rusiyanın yanında olublar. Hazırda Rusiya ilə Ukraynanın timsalında Qərb döyüşür. Qərbin Ukraynaya verdiyi dəstək olmasa, Ukrayna bu savaşı apara bilməzdi. Doğrudur, Ukrayna xalqı fədakar, qəhrəmandır. Amma dəstəklər olmasa, bu qədər dirənə də bilməz. Ermənistan hazırda vassal siyasəti həyata keçirir. Üzdə oradakı iqtidar Amerikaya yaxın görünə bilər, amma bu da mübahisəlidir. Onun üçün deyirəm ki, bu yayılan xəbərlər doğru ola bilər”.
Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov da fərqli düşünmür. Onun sözlərinə görə, Ermənistanın mina terroru bizim üçün yeni tendensiya deyil: “Bu terror dövlətinin mina bəlası Azərbaycana yaxşı tanışdır. Odur ki, Ermənistanın Qarabağda etdiklərini indi Ukraynada təkrarlaması bizim üçün təəccüblü olmamalıdır. Üstəgəl, nəzərə almaq lazımdır ki, vaxtı ilə Azərbaycanda olduğu kimi, indi Ukraynadakı müharibədə də əsas aktor Rusiyadır. Rusiyanın Ermənistanı alət kimi istifadə etməsi də kimsəyə sirr deyil. Bu mənada deyilənlərin həqiqətə uyğun olması tamamilə mümkündür. Əgər indi Ermənistana lazımi beynəlxalq reaksiya göstərilməsə, gələcəkdə oxşar mina terroru yenə təkrarlana bilər. Odur ki, dünya ictimaiyyəti, o cümlədən beynəlxalq təşkilatlar gözünü açmalı, Ermənistanı cəzalandırmalı, sanksiya tətbiq etməlidir. Qeyd etmək yerinə düşər ki, Qərbin Azərbaycan və Ukrayna həqiqətlərinə münasibəti birmənalı olmadı. Məhz bununla bağlıdır ki, beynəlxalq ictimaiyyət zamanında Ermənistanın ”qulağını burmadı”. Ona görə İrəvan daha da “şıltaq” davranmağı bacardı. Heç olmasa indi lazımi addımlar atılmalıdır. Əks halda, daha pis olacaq…”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”