23 Dekabr 2024

ABŞ Türkiyənin Qarabağa yolunu açır – sensasion bəyanatın şifrələri

Dövlət Departamenti inanır ki, Ankara sülh sazişində rol oynaya bilər, türk masası qurulması aktualdır; Ərdoğan-Əliyev-Paşinyan arasında sülh danışıqları başlana bilərmi?

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Moskvanın və Ankaranın rolu barədə maraqlı eyhamlar vurub. “Yeni Müsavat” yada salır ki, Metyu Miller ənənəvi brifinqdə “Turan” agentliynin sualının cavabında bildirib. “Biz həmin ölkələrlə birbaşa əlaqə saxlamışıq. Xüsusi elçi Lui Bono keçən həftə bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb. Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh razılaşması əldə edilə bilər və buna nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik”, – deyə o söyləyib.

“Turan” agentliyinin müxbiri həmçinin Metyu Millerdən Dövlət katibi Blinkenin türkiyəli həmkarına ötən şənbə günü zəng etdikdən sonra Türkiyənin sülh prosesindəki hazırkı rolu barədə də soruşub. “Mən bu barədə ətraflı danışmaq istəmirəm – bu, özəl diplomatik söhbətdir, lakin biz inanırıq ki, Türkiyə digər məsələlərdə olduğu kimi, bu məsələdə də məhsuldar rol oynaya bilər”, Miller deyib. Millerin Türkiyə barədə dedikləri ilginc və perspektivlidir. Onun sözlərinə görə, Ankara Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasında daha məhsuldar rol oynaya bilər. Əslində Rusiyanın rolunu açıq iqnor edib və “bu məsələ iki dövlətə aiddir” deməklə Rusiya barədə danışmaq istəmədiyini ifadə edib. Konkret deyilsə, ABŞ prosesdə artıq Moskvanın hər hansı rolunu qəbul etmək istəmir. Prosesdə Rusiyanı iqnor etməklə eyni anda Türkiyə barədə deyilmiş bu sözlər əslində Ankaranı daha fəal diplomatiya yürütməyə çağırış kimi qəbul edilməlidir.

Bu ayın sonu isə Putinin Türkiyə səfəri və Ərdoğanla görüşü nəzərdə tutulur. Liderlər əsasən “Taxıl anlaşması”nı müzakirə edəcəklər, lakin masada Cənubi Qafqazın da olması istisna deyil. Eyni zamanda xatırlatmaq lazımdır ki, Ərdoğan NATO-nun son sammitində Qarabağın yuxarı ərazilərində yerləşən rus hərbçilərin gedəcəyini tarixi xatırlatmışdı və bu məsələnin də prezidentlər səviyyəsində müzakirəsi mümkündür. Bununla yanaşı, Vaşinqtonun Bakı – İrəvan mövzusunda açıq şəkildə Ankaranı vasitəçi kimi dəstəkləməsi göstərir ki, indi Türkiyə daha sürətli addımlar ata, Moskva qarşısında şərtlər irəli sürə bilər. Ümumiyyətlə, Türkiyənin masada olması vacibdir. Nə Moskva, nə Vaşinqton, nə Brüssel danışıqlarında Ankara iştirakçı olmayıb. İndi isə türk platforması yaradıla, Prezident Əliyevlə erməni baş nazir Paşinyanın İstanbulda ikitərəfli, yaxud üçtərəfli (Ərdoğanın iştirakı ilə – E.S) görüşləri keçirilə bilər. Aİ və ABŞ bu platformanı da özlərinin masasının davamı kimi dəstəkləsələr, o zaman Moskvanın uğursuz vasitəçilik səyləri daha da əhəmiyyətsizləşəcək.

Ter-Petrosyan “70 illik sovet reallıqları” deyəndə nəyə işarə edir? -  növbəti hiylə, yoxsa...

Murad Sadəddinov

Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, Vaşinqton, çox təəssüf ki, xeyli vaxt itkisindən sonra bu qənaətə gəlib. “Türkiyənin bölgəyə təsirinin vacibliyini dəfələrlə qeyd etmişik. Çox əfsus ki, Bayden administrasiyası bu məsələyə erməni kontekstindən baxırdı. Hətta qondarma soyqırımı tanımaqla bağlı mövqe nümayiş etdirilmişdi. Ancaq indi Vaşinqton anlayır ki, Türkiyə ən perspektivli vasitəçidir. Ona görə asta-asta bu fikri səsləndirməyə başlayıblar”,- deyə ekspert düşünür.

Siyasi analitik hesab edir ki, buna xüsusən Rusiya və Fransa qısqanclıqla yanaşacaq, həmçinin erməni lobbisi qarşı çıxacaq: “Biz kontur addımları da nəzərə almalıyıq. Amma Paşinyan praqmatik siyasət yürütsə, təzyiqlərə tab gətirsə, öz hakimiyyəti və Ermənistan üçün Türkiyənin danışıqlarda vasitəçiliyinin ciddi dəstəyi olacaq. Bu masa gec – tez öz gücünü göstərəcək. Amma hər şey əngəl olan qüvvələrin təsirindən asılı olacaq. Türkiyə onsuz da bu prosesin içindədir. Ankara Ermənistana çatdırıb ki, İrəvanla diplomatik əlaqələrin qurulması, quru sərhədlərin açılması Azərbaycanla imzalanacaq sülh müqaviləsi və Zəngəzur koridorunun açılması ilə bağlıdır”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi icmalçı Ramiyə Məmmədova mürəkkəb bir şərait yarandığını hesablayır. Ekspert güman edir ki, bölgə uğrunda strateji mübarizə sülh sənədinin imzalanmasını tormozlayır. Təhlilçinin fikrincə, rəqabətin getməsi bir yandan bizim üçün sərfəli ola bilər, amma ümumilikdə iki qütbün qarşıdurması tarixi sülh müqaviləsini bağlamağa mane olur: “Amerika onun əli ilə sənədin imzalanmasında maraqlıdır, Moskva isə buna imkan vermir. Kreml özü də sülh tərəfdarı deyil, amma olsa belə, bu dəfə Fransa, yaxud Avropa Birliyi hansısa müdaxilələr edə bilərlər. Regionda söz sahibi kimin olacağı davası gedir, nəinki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalatmaq. Digər tərəfdən, Prezident ”Euronews” telekanalına müsahibəsində bu məsələ haqda suala aydın cavab verdi. Dövlət başçısı dedi ki, Ukrayna müharibəsinə qədər Rusiya vasitəçi kimi təşəbbüskar idi. Amma sonralar təşəbbüs Avropa Birliyinə keçdi. O dedi ki, vasitəçinin fərqi yoxdur, təki sülh sazişi imzalansın. Ona görə Amerikanın Türkiyənin roluna qiymət verməsi yeni situasiyadır. ABŞ Cənubi Qafqazda NATO ölkəsi olan Türkiyə ilə təmsil olunmağa çalışır. Bunu ikinci müharibə də təsdiqlədi, postmünaqişə dövrü də…”

Ekspertin fikrincə, sadəcə, Paşinyanda siyasi iradə olmalıdır ki, Ankaranın vasitəçiliyinə razılaşsın: “Erməni baş nazir Türkiyəyə səfər edib, Ərdoğanın inauqurasiya mərasimində iştirak edib, xarici işlər naziri Ararat Mirzoyan da Türkiyədə olub, habelə zəlzələyə görə Ermənistan humanitar yardım göndərib, Türkiyə hava məkanını açıq qoyub, kəsəsi, Paşinyanın Türkiyənin vasitəçilik missiyasına mənfi yanaşması üçün heç bir səbəb yoxdur”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”