Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir
Prezident İlham Əliyevin Şuşa şəhərindən xalqa müraciəti gələcək inkişaf strategiyamızın yol xəritəsidir.
“Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı – bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik”.
Müasir Azərbaycan bu gün özünün ən güclü, ən qüdrətli dövrünü yaşayır. Regional və qlobal layihələrin təşkilatçısı qismində çıxış edən Azərbaycan müasir çağırışlara tam cavab verir. 44 günlük Vətən müharibəsində qazandığı qələbə isə ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yanaşı yeni regional reallıqların formalaşması ilə yadda qaldı. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sisteminin ən mühüm aktorlarından biri sayılır. Dünyanın aparıcı reytinq agentlikləri, beynəlxalq güclər Azərbaycanın son illərdə anil olduğu mütərəqqi inkişafı etiraf edir və dəyərləndirirlər. Bunun nəticəsidir ki, Azərbaycan qısa zamanda Avropanın enerji təhlükəsizliyində, Cənubi Qafqazın təhlükəsiz inkişafında, regional sabitliyin formalaşdırılmasında, Qərb-Şərq iqtisadi aortasının yaradılmasında, Orta Dəhliz kimi mühüm və strateji layihənin ərsəyə gəlməsində əsaslı rol oynadı. Azərbaycan bütün bu inkişafı qısa zaman kəsiyində nail oldu – hətta yaşadığı mühüm problemlərə, 30 ilə yaxın işğaldan əziyyət çəkməsinə baxmayaraq bu nailiyyətlərə imza atıldı.
Bu uğurların əsasında isə xalq-dövlət birliyi, xalqın ölkə Prezidentinə etimadı dayanır. Azərbaycan xalqı hər zaman öz liderinin atdığı addımları dəyərləndirir. Dövlət başçısı isə bu etimadı olduqca yüksək qiymətləndirir – xüsusi əlamətdar günlərdə, ən mühüm anlarda Prezident öz xalqının yanında olur. Cənab Prezidentin mayın 10-da – Ümummilli Liderimizin anadan olmasının 100 illiyi günündə Şuşaya səfəri də məhz əlamətdar günləri xalqla birbaşa təmasda keçirmə ənənəsinin davamı sayılmalıdır. Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, insanlarla, xalqla açıq ünsiyyət modelinə üsünlük verir. Dövlət başçısının məhz Şuşadan müraciət etməsi isə xüsusi əhəmiyyət və anlam daşıyırdı…
Prezident İlham Əliyev mayın 10-da Şuşa şəhərində xalqımıza müraciətində mühüm məqamlara toxundu. Bu tezislər özündə Azərbaycanın əldə etdiyi nailiyyətlərlə yanaşı, hədəflərini də birləşdirir. Həmin müraciətdə yer alan fikirlər ölkəmizin daha yüksək inkişafının, daha firavan gələcəyinin və daha təhlükəsiz şəraitdə yaşamasının əsas istinad mənbəyidir.
Hazırki qlobal kataklizmlər dünyanın siyasi xəritəsi ilə yanaşı, iqtisadi münasibətlərinə də təhdilər yaradır. Belə bir məqamda Azərbaycanın təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn bir sıra layihələrin, ən əsası da Orta Dəhliz layihəsinin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Qeyd edək ki, vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi və müasir Orta Dəhliz layihəsi də həmin konfransda əldə edilmiş razılığın məntiqi davamıdır. Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına arıtb. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Eyni zamanda, bu dəhliz Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni siyasi-iqtisadi reallıqlardan da bəhrələnir. Belə ki, dəhlizin daha effektiv fəaliyyəti üçün Zəngəzur dəhlizi layihəsinin reallaşması mütləq şərt kimi çıxış edir.
Təssüfləndirici haldır ki, bəzi güclər, hətta bizə yaxınlığı ilə seçilən ölkələrdəki bəzi siyasi qüvvələr bu layihədə Azərbaycan ilə Türkiyənin yanaşı iştirakını həzm edə bilmir. İki qardaş ölkənin yaratdığı yeni iqtisadi mühitə zərbə vurmaq üçün fürsət axtaran belələrinin isə arzuları gözündə qalacaq. Prezident İlham Əliyev Şuşadan xalqa müraciətində də bildirdi ki, bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib: “Xatırlatmaq istəyirəm, məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün Orta Dəhliz dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun ki, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq”.
2020-ci ildə baş vermiş II Qarabağ müharibəsi dünya hərb tarixinə mühüm və yeni mərhələ kimi yazıldı. 30 ilə yaxın davam etmiş erməni işğalına son verən 44 günlük Vətən müharibəsi həm də müasir Azərbaycan gəncliyinin igidliyini, cəsurluğunu, Vətən, dövlət uğrunda bir çağırışla ayağa qalxma bacarığını dünyaya nümayiş etdirdi. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün sürən əks-hücum əməliyyatları zamanı əlində silah Vətəni qoruyan Azərbaycan əsgərinin bir amalı vardı – Vətənin azadlığı uğrunda yalnız irəli. Məhz bu amalın, məqsədin nəticəsi idi ki, ermənilərin 30 il ərzində qurduqları səngərlər, sədlər 44 günə darmadağın edildi, erməni ordusu pərən-pərən düşdü.
Prezident İlham Əliyev müraciətində vurğulayıb ki, bizim gördüyümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq: “Gənc nəsil belə yetişməlidir və biz gənc nəsli belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk. Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!”.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi