Bəhreyndə Qərbi Azərbaycana qayıdışın anonsu, Simonyanın zaldan qaçışı, Ermənistanın iflası
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu xarici siyasət yürütdüyünü nəinki ölkəmizin vətəndaşlar, dost və qardaş ölkələrin rəsmiləri birmənalı şəkildə söyləyirlər, hətta bir sıra hallarda Azərbaycana dost olmayan çevrələrdən də etiraflar eşidilir. Dövlətimizin bu sahədəki uğurları ayrı-ayrı Avropa ölkələrinin liderləri tərəfindən elə son aylarda keçirilən ikitərəfli və çoxtərəfli görüşlərdə də bəyan olunub ki, bu da qürurvericidir.
Sevindirici hal budur ki, Azərbaycanın xarici siyasət idarəsi ilə yanaşı, qanunverici orqan da beynəlxalq fəaliyyətində məhz Prezidentin elan etdiyi prinsiplərə uyğun şəkildə fəaliyyət göstərir, lazımi ünvanlarda və məqamlarda dövlətimizin mövqeyindən çıxış edərək ali hədəflərə doğru addımlayır. “Yeni Müsavat”ın əməkdaşı olaraq Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bəhreyn Krallığına etdiyim səfər zamanı təkcə media nümayəndəsi olaraq deyil, həm də Azərbaycan vətəndaşı olaraq qürur hissi keçirtdim və bu, həm də səfərdə iştirak edən həmkarlarımın da fikri idi. Azərbaycandan hava yolu ilə 2 saat yarımlıq məsafədə olan Körfəz bölgəsinin ada dövlətinin paytaxtı Manama şəhərinin Beynəlxalq Hava Limanında Milli Məclisin sədri Sahibə Qafarovanın yüksək səviyyədə qarşılanma mərasimi dövlətimizə böyük sayğı və diqqətin ilkin nümunəsi idi. Azərbaycan nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli binSaleh Əl-Saleh, Nümayəndələr Palatasının sədri Əhməd bin Salman Əl-Musalam, Azərbaycanın Bəhreyndəki səfiri Şahin Abdullayev və digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar.
Bu arada qısa xatırlatma edək: Azərbaycan ilə Bəhreyn Krallığı arasında diplomatik münasibətlərin əsası 1996-cı ilin noyabrında qoyulub. İki ölkə arasında əlaqələr daha çox beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində özünü büruzə verib.
Düzdür, hələ ki, iki ölkə arasındakı münasibətlər paytaxtlarda səfirliklərin yaradılması səviyyəsinə çatmayb. Ancaq Azərbaycan Prezidentinin Fərmanı ilə 2002-ci ilin 28 sentyabrından etibarən ölkəmizin Səudiyyə Ərəbistanını Krallığındakı fövqəladə və səlahiyyətli səfiri həm də Bəhreyn dövlətində səfirimiz olaraq təyin edilib. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Azərbaycan Respublikası və Bəhreyn Krallığı hökumətləri arasında 2006 və 2008-ci illərdə Anlaşma Memorandumu imzalanıb. Statistikaya nəzər salanda anlaşılır ki, Bəhreyn Krallığı ilə əməkdaşlığın daha da intensiv xarakter alması əhəmiyyətlidir. Azərbaycanın ali qanunverici orqanının Bəhreynlə əməkdaşlığı dərinləşdirməsi həm də digər platformalardakı hədəflərimiz baxımından faydalıdır. Elə spiker Sahibə Qafarovanın Bəhreyn Krallığının Şura Məclisinin sədri Əli bin Saleh Əl-Salehlə yüksək səviyyəli görüşündə də iki ölkənin BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq etməsi məmnunluqla vurğulandı.
Xüsusilə qeyd etmək lazımdır ki, Milli Məclis sədrinin Bəhreyn Krallığına işgüzar səfəri daha geniş məna və əhəmiyyət kəsb edirdi. Milli Məclisin Sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) İkinci Konfransında və Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında iştirak edəcəkdi. Eyni zamanda səfər çərçivəsində iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə çoxsaylı görüşlər planlaşdırılırdı. Bundan əlavə, Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında çıxışı nəzərdə tutulmuşdu. Kəsəsi, səfər proqramı çox zəngin, maraqlı olduğu qədər həm də əhəmiyyətli idi.
Malavi Respublikası Milli Assambleyasının sədri Katrin Qotani Hara, Kot-d’İvar Respublikası Milli Assambleyasının sədri Adama Biktogo, Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeriy Belskiy ilə görüşlərdə ölkələrimiz və parlamentlərimiz arasındakı əməkdaşlıq əsas müzakirə mövzusu oldu, Parlamentlərarası İttifaq çərçivəsində dialoqun əhəmiyyətindən bəhs edildi. Martın 2-sində Bakıda Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyanın ilk illərində olduğu kimi, budəfəki müzakirələrdə də çox mühüm təşəbbüslər və təkliflərlə çıxış etməsi məmnunluqla vurğulandı. Bu, həm də Azərbaycan dövlət başçısının bəşəri əhəmiyyət kəsb edən mövzulara həssas münasibətinin etirafı, eyni zamanda ölkə başçımıza yüksək etimadın əlamətidir. Görüşlər zamanı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılması faktı dəfələrlə ifadə edildi ki, bu da Azərbaycan dövlətinə, onun liderinə münasibətin faha bir bariz nümunəsidir.
Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova Ermənistan parlamentinin başçısı Alen Simonyanın yalan və böhtan dolu çıxışını darmadağın etməklə də təkcə Azərbaycan nümayəndə heyətinin deyil, həm də ölkəmizə dost-qardaş ölkələrin, o cümlədən Azərbaycanla ikitərəfli əlaqələrə maraqlı olan dövlətlərin təmsilçilərinin böyük rəğbətini qazandı.
Bu barədə Musavat.com olaraq operativ şəkildə məlumat verdiyimiz üçün geniş təfərrüata varmaq istəmirik. Amma Simonyan əvvəlki beynəlxalq tədbirlərdə, son olaraq Səmərqənd toplantısında olduğu kimi, bu dəfə də özünə layiq cavabı aldı. Hərçənd, erməni spiker həyasızcasına yalanlarını səsləndirəndən sonra iclas zalını tərk etdi və daha çox foyedə “vaxt öldürməyə” çalışdı. Heç şübhəsiz erməni spiker Azərbaycan parlamentinin rəhbərinin cavabından yayınmağa çalışdığı və konkretləşdirsək, bəlkə də Sahibə Qafarovadan qorxduğu üçün iclasdan qaçdı. Amma ən azı qapının arxasından xanım Qafarovanın öldürücü cavablarını eşitdi, sonrakı gün bu barədə özünün feysbuk səhifəsindəki paylaşımı da ehtimalımızı təsdiqləyir.
Özündə 178 ölkəni birləşdirən Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında erməni yalanlarının növbəti dəfə ifşasına şərait yaratdığına görə bəlkə də Simonyana “təşəkkür” düşür, hər halda ermənilər bu mənzərədən özləri üçün nəticə çıxartsalar, yaxşı olar…Spiker Sahibə Qafarova Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşdüyünü, işğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi yerlə yeksan edildiyini, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərinin vandalizmə məruz qaldığını deməklə kifayətlənmədi, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində olduğu kimi, əsrlər boyu indiki Ermənistanda yaşamış Qərbi azərbaycanlılara məxsus bütün tarixi və dini abidələri də məhv etdiyini yüksək tribunadan səsləndirməklə Qərbi Azərbaycana Qayıdış konsepsiyasının anonsunu həm də ada dövlətində – Bəhreyndə, onlarla ölkənin təmsilçiləri qarşısında elan etmiş oldu. Erməni spikerin öz ölkəsində yaşayan milli azlıqları və guya onlara verilmiş hüquqları sadaladığını vurğulayan Sahibə Qafarova azərbaycanlıların əsrlər boyu məskunlaşdıqları indiki Ermənistandan bir neçə mərhələdə zorla qovulmasını, 1980-ci illərin sonunda baş vermiş sonuncu mərhələnin 300 mindən çox azərbaycanlının qovulması ilə nəticələndiyini qeyd etməməsinin təəccüb doğurduğunu bildirdi. İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun olduğunu deyən spiker bu hüququn Ümumdünya İnsan Hüquqları Bəyannaməsindəvə digər beynəlxalq aktlarda təsbit edildiyini vurğulayıb. Ermənistan həmin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına şərait yaratmalıvə qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarınıtəmin etməlidir. Simonyana bu cavab lazım idisə, olsun!
Eyni zamanda spiker 44 günlük müharibədən sonra Azərbaycan sülh gündəliyi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təşəbbüsü ilə çıxış etdiyini, beynəlxalq hüququn 5 prinsipinə əsaslanan təkliflər verdiyini, Ermənistan isə beynəlxalq ictimaiyyəti yalan məlumatlarla çaşdırmaqla yanaşı, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və Azərbaycan ərazisinə qanunsuz şəkildə silah-sursatın, minaların daşınmasını, şəxsi heyətin rotasiyasını davam etdirdiyini söylədi. İclas zalından qaçan spikerə xitabən söylədi ki, bu fikirlər Ermənistanın həyata keçirdiyi saxtakarlığın və təhrifinin növbəti təzahürüdür! Ermənistan spikerinin UTANMADAN ölkəsinin heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığı haqda fikir bildirməsinə toxunan Sahibə Qafarova Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxladığını bir daha xatırlatdı. Eyni zamanda Simonyanın Laçın yolunun guya “blokada” olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edən Milli Məclisin sədri diqqətə çatdırdı ki, Laçın yolu bütün mülki və humanitar nəqliyyat vasitələrinin maneəsiz keçidi üçün açıqdır və bu fakt ərazidə fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlar tərəfindən də təsdiq olunur.
Cavab mükəmməl idi və bu dəfə də Ermənistanın parlament sədri nokaut yaşadı. Həm də 100-dən artıq ölkənin təmsilçiləri Ermənistan parlament sədrinin qeyri-ciddi olduğu qədər qorxaq olduğuna şahidlik etdilər. İclas zalında böyük ehtiram göstərilən Milli Məclis rəhbərliyindən fərqli olaraq, Simonyanı saya salan belə yox idi, ancaq başının dəstəsi ilə foyedə var-gəl edirdi, “suyu süzülə süzülə…” Musavat.com olaraq bu barədə müşahidələrimizi ayrıca yazmışıq…Möhtəşəmdir, erməni yalanları hər yerdə cavabını alır, artıq bu yalançıların sözünə və özünə inananlar sürətlə azalır. Simonyanın və Qafarovanın çıxışlarına auditoriyanın münasibəti gerçək mənzərəni bir daha ortaya qoydu. Parlamentlərarası İttifaqın 146-cı Assambleyası da Ermənistan üçün iflasla nəticələndi…