12 Mart 2025

ABŞ-ın Araşdırma Mərkəzi: “Rusiya Ukraynada 200-250 min itki verib”

Rusiya 1945-ci ildən – İkinci Dünya müharibəsindən bəri ən böyük itkilərini Ukraynadakı müharibədə verib.

“Report” “RBK Ukraina”ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynadakı itkiləri təxminən 200-250 mindir: “Buraya Rusiya Silahlı Qüvvələrinin hərbçiləri ilə yanaşı, “Vaqner” muzdlu hərbi təşkilatının nümayəndələri, qondarma DNR və LNR silahlıları, həmçinin digər qruplaşmalar daxildir”.

Analitiklərin fikrincə, Rusiyanın Ukraynadakı itkiləri əvvəlki münaqişələrdəki, o cümlədən Əfqanıstan, Çeçenistan müharibələrindəki itkilərdən dəfələrlə çoxdur.

Mərkəzin hesabatında bildirilib ki, Kreml Ukraynaya qarşı müharibə ilə bağlı yanlış hesablamalar aparmışdı: “Rusiyada elə bilirdilər ki, ukraynalılar Ukraynadakı mövcud hakimiyyəti və Prezidenti Volodimir Zelenskini dəstəkləməyəcəklər. Ukraynanın uğuru həm də texnika, xüsusilə PUA-larla bağlıdır”.