Milli mənsubiyyətinə, məhz azərbaycanlı olduqlarına görə Ermənistan və onun havadarlarınin törətdiyi ən rəhmsiz, dəhşətli soyqırımıdır Xocalı faciəsi…
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədriTariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımının 31-ci ildönümünü qeyd edirik. Ermənilər və onlara havadarlıq edən dövlətlər Xocalı faciəsini törətməklə xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin mənfur düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Faciənin ildönümlərində paytaxtın Azadlıq meydanından Xocalı abidəsinə doğru on minlərlə insanın iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyıb. Bir gecədə yerlə-yeksan edilmiş Xocalı şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir. Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etdi və onun dinc əhalisinə amansızcasına divan tutdular. Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlandı. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli lider Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində sükut dəqiqəsi elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirib. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 30-dan artıq ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dövlət başçısı İlham Əliyevin Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə “Rossiya-24” telekanalının müxbirinə müsahibəsində cavabını bir daha xatırlatmaq istərdik. Xocalı faciəsini xalqımızın sağalmaz dərdi, xalqımıza qarşı törədilən soyqırımı, ötən əsrin ən böyük cinayəti olduğunu bildirən cənab İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar – qocalar, qadınlar və uşaqlar həlak olmuş, zərər çəkmişlər. Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin. Bu mühüm məqam da qeyd edildi ki, Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir.Bəli, xalqımızın heç zaman unutmayacağı ən dərin yaramızdır Ermənistanın törətdiyi Xocalı faciəsi! Allah bütün şəhidlərimizə rəhmət eləsin!